Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2025 15:05
  • A-
  • A
  • A+

“İlyas Əfəndiyev” mükafatı təqdim edilib

“İlyas Əfəndiyev” mükafatı təqdim edilib

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, elm xadimləri, ziyalılar Birinci Fəxri xiyabanda görkəmli Xalq yazıçıları İlyas Əfəndiyev və Elçinin məzarını ziyarət ediblər.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda anım günü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq hər iki yazıçının ruhuna ehtiramını ifadə edib və xatirələrini bölüşüb.

Xalq yazıçısı Anar “İlyas Əfəndiyev” mükafatı haqqında məlumat verərək bildirib ki, bu il sözügedən mükafata filologiya elmləri doktoru, dosent Gülxani Pənah və professor İlham Rəhimli  layiq görülüblər.

Daha sonra Gülxani Pənah və İlham Rəhimliyə “İlyas Əfəndiyev” mükafatı təqdim edilib.

Yazıçı-publisist Gülxani Pənah bu mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib.

Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib ki, 70-ci illərdə Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunmasına zəmanət verənlərdən biri İlyas Əfəndiyev olub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək, hər iki yazıçının ədəbiyyat tarixində xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, İlyas Əfəndiyev də, Elçin də sovet dövründə yazıb-yaratsa da, onlar sovet ideologiyasının təbliğatçısı olmayıblar.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq Rəssamı Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov, millət vəkili, yazıçı Aqil Abbas, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək Elçin Əfəndiyevin dövlət xadimi kimi Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıblar.

Sonda Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev həm atası, həm də qardaşı ilə bağlı xatirələrini bölüşüb.

Sonda millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, bütün tədbir iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: