Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2025 15:23
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Ümumdünya Layiqli Əmək Günü qeyd olunub

Riyaziyyat və Mexanika İnstitutunda Ümumdünya Layiqli Əmək Günü qeyd olunub

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.

 Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər.

Tədbirdə institutun direktoru, akademik Misir Mərdanov da çıxış edərək bu əlamətdar günün əmək dünyasında oynadığı rol barədə fikirlərini bölüşüb. O qeyd edib:

“Layiqli əmək anlayışı təkcə ədalətli əməkhaqqı və sosial təminatla məhdudlaşmır. Bu, həm də insana dəyər verən, onun peşəkarlığını və şəxsiyyətini ön planda tutan yanaşmadır. Elmi-tədqiqat institutlarında çalışan əməkdaşların əməyinə qiymət verilməsi, onların sosial rifahının yaxşılaşdırılması bizim prioritet vəzifələrimizdəndir. Biz institutda sağlam əmək münasibətlərinin qurulmasına və əməkdaşların layiqli şəraitdə fəaliyyət göstərməsinə daim önəm veririk.”

Misir Mərdanov çıxışında, həmçinin əməkdaşların intellektual potensialına və institutun elmi nailiyyətlərinə toxunaraq qeyd edib ki, bu uğurlar məhz kollektiv əməkdaşlığın, qarşılıqlı hörmət və dəstəyin nəticəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Ümumdünya Layiqli Əmək Gününün mahiyyətindən bəhs edərək bildirib ki, bu günün qeyd olunması cəmiyyətin sosial ədalətə, insan hüquqlarına və əmək münasibətlərinə verdiyi dəyərin göstəricisidir. O, həmkarlar ittifaqlarının bu sahədə üzərinə düşən məsuliyyətli rolu xüsusi olaraq vurğulayıb.

Digər çıxış edənlər də bu günün əhəmiyyətini vurğulayaraq, əmək münasibətlərində şəffaflıq, ədalət və qarşılıqlı məsuliyyətin vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçılarına təşəkkür bildirilib, institut əməkdaşlarına uğurlar və yeni nailiyyətlər arzulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: