Oğuz rayonunda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanasının dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəki Regional Elmi Mərkəzin alim və gənc tədqiqatçıları, Oğuz rayonunun ziyalıları, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xalq şairi Bəxtiyar Vahabzadənin, torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda canınlarından keçmiş Vətən övladlarının xatirələri ehtiramla yad edilib.
Elmi-praktiki konfransı Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova açaraq Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbirin məqsədinin şairin ədəbi irsində ana dilinə münasibəti, dilin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı ideyalarının təbliğ edilməsi olduğunu vurğulayıb. Reyhan Mənəfova qeyd edib ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır.
Sonra çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsi müdirinin müavini Ayaz Ağayev bildirib ki, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb və bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunda da silsilə yubiley tədbirləri keçirilir. Bu Sərəncam ədibin fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Tədbirdə tədqiqatçı-filoloq Səhər Rzayeva "Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilinə münasibət" adlı məruzəsini təqdim edərək ana dilimizin Bəxtiyar Vahabzadə poeziyasında insanların mənəvi aləminin zənginləşməsinə, milli-mənəvi dəyərlərin, varlığımızın, milli kimliyimizin göstəricisi olduğunun aşılanmasına xidmət etdiyini bildirib. O, ana dilinin qorunması, gələcək nəsillərə ötürülməsi kimi mühüm məsələlərin şairin yaradıcılığının özəyini təşkil etdiyini söyləyib.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin hər zaman elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərdiklərini nəzərə çatdırıb. O, dahi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubiley tədbirlərinin keçirilməsinin, onların şərəfinə abidələrin ucaldılmasının, əsərlərinin böyük tirajla nəşr edilməsinin və digər bu kimi məsələlərin, incə məqamların diqqətdə saxlanmasını bu qayğının bariz nümunəsi olduğunu deyib.
Kamil Adışirinov konfransın Şəki REM-in təşkil etdiyi tədbirlər silsiləsinin bir parçası olduğunu söyləyərək, elmi-praktiki konfransın təşkilində birgə əməkdaşlığa və göstərdikləri dəstəyə görə Oğuz rayon rəhbərliyinə, Oğuz MKS-nin Mərkəzi Kitabxanasına dərin təşəkkürünü bildirib.
Daha sonra Kamil Adışirinov "XX əsr Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi dahi Nizami və Füzulidən sonra "Düşüncədən misraya, misradan əbədiyyətə" missiyasını özündə ləyaqətlə daşıyan, dərin fəlsəfi-estetik düşüncəyə sahib Bəxtiyar Vahabzadənin təkcə dünyəvi deyil, dini dünyagörüşünün məhz klassik irsimizdən qaynaqlandığını və XX əsrin 60-cı illərindən başlayaraq dünya ədəbiyyatına meydan oxuduğunu bildirib. Şairin bədii irsinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsinin deyilənləri təsdiqləyən fakt olduğunu ifadə edib.
Konfransda Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin rəhbəri Təranə Abdullayeva "Klassik irs və Bəxtiyar Vahabzadə yaradıcılığı: paralellər və kəsişmələr" mövzusunda məruzəsini təqdim edib. O, Bəxtiyar Vahabzadənin əsərlərində dahi Füzulinin eşq fəlsəfəsinin, Nizaminin insanpərvərlik ideyasının, Nəsiminin haqq-ədalət mübarizəsinin yeni rakursdan müasir ifadəsini tapdığını deyib. Məruzəçi tədqiqat apararkən klassiklərin və Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələrin seçilərək paralellərin və kəsişmələrin müəyyənləşdirildiyini söyləyib, bütün bunların Bəxtiyar Vahabzadə yaradıcılığı üçün motiv rolu oynadığını məzmunlu və geniş məruzəsində şərh edib.
Arxeologiya və etnoqrafiya şöbəsinin elmi işçisi Aygül Xəlilova "Sovet ideologiyasının kölgəsində milli təəssübkeşlik" adlı məruzəsində Sovet dövrü yazıçı və şairlərimizin bədii priyom kimi istifadə etdikləri kodlaşdırma, mətnaltı eyhamlar, fikrin dolayı yolla çatdırılması kimi dərin zəka və fəlsəfi düşüncəyə əsaslanan metodların Bəxtiyar Vahabzadə yaradıcılığından da yan keçmədiyini, əksinə şairin bu cür məna yükünə malik əsərlərinin bəşəriyyət və insanlıq üçün humanist mövqe nümayiş etdirdiyini təsdiqləyən önəmli faktor olduğunu deyib.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov Bəxtiyar Vahabzadəni böyük filosof adlandırıb, şairin əsərlərində dərin fəlsəfi məna kəsb edən zaman, insan, həyat, cəmiyyət amillərinin qeyri-adi baxış bucağından təqdim edildiyini dilə gətirib.
Tədbirdə, həmçinin şair tədqiqatçı Yusif Rza, Oğuz rayon Gənclər və İdman Sektorunun əməkdaşı Vüsal Məmmədov Bəxtiyar Vahabzadə haqqında xatirələrini, maraqlı fikirlərini bölüşüblər.
Oğuz şairi Şükufə Ruhlu şairin ruhuna dualar oxuyub, ana dilinə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirib.
Tədbirin sonunda Oğuz MKS-nin direktoru Nəzakət Qasımova çıxış edərək tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə Şəki REM-in direktoru Yusif Şükürlüyə təşəkkürünü bildirib, belə mötəbər tədbirlərin təşkilində birgə əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.