Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2025 15:08
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda ümumrespublika elmi seminarı keçirilib

Geologiya və Geofizika İnstitutunda ümumrespublika elmi seminarı keçirilib

ETN Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə bildirib ki, “Seysmoloji trasların təhlilində qeyri-səlis məntiq üsullarının tətbiqi: qanunauyğunluqların aşkarlanması və trendlərin proqnozlaşdırılması” mövzusunda reallaşacaq bugünkü seminar t.e.d., professor Ramin Rzayevin (AR ETN İdarəetmə Sistemləri İnstitutu) GGİ-də elmi mövzuda apardığı sayca ikinci seminardır və kollektiv bu qəbildən olan tədbirləri həmişə maraqla qarşılayır.

Professor Ramin Rzayev təqdimatına müasir seysmoloji məlumatların təhlili ilə başlayaraq  bildirib ki, bu məlumatlar yüksək dərəcədə qeyri-müəyyənlik və qeyri-xəttiliklə müşayiət olunur.  Bu da gizli qanunauyğunluqların aşkarlanmasını və gələcək dəyişikliklərin proqnozlaşdırılmasını çətinləşdirir. Belə şəraitdə qeyri-səlis məntiq yanaşmalarından istifadə xüsusi əhəmiyyət kəsb edir, çünki onlar məlumatların natamamlığını və ziddiyyətliliyini nəzərə almağa imkan verir.

Alim məruzəsində qeyri-səlis məntiqin əsasları və onun seysmoloji trasların intellektual təhlilində rolunu açıqlayıb. Bildirib ki, xüsusi diqqət qeyri-müəyyənliyin formallaşdırılması üsullarına, qeyri-səlis qaydaların və modellərin qurulmasına, habelə bu alətlərin seysmik siqnallarda trendlərin və qanunauyğunluqların müəyyənləşdirilməsində tətbiqinə yönəldilir. Həqiqi seysmoloji məlumatların emalı və interpretasiyasında qeyri-səlis modellərin istifadəsinə nümunələr təqdim olunur.

Məruzəçi diaqramlardan, əyani vasitələrdən istifadə etməklə elmi baxımdan cəlbedici yeni  informasiyalar təqdim edib, iştirakçılarda maraq doğuran məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

İnstitutun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri yer elmləri üzrə elmlər doktoru, dosent  Qulam Babayev professor Ramin Rzayevlə müştərək elmi tədqiqat işlərindən məlumat verib və bu istiqamətdə faydalı və maraqlı işlərin davamlı olacağını diqqətə çatdırıb. 

Tədbirin sonunda akademik Akif Əlizadə professor Ramin Rzayevə maraqlı təqdimat üçün kollektiv adından təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: