AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları - Ekologiya və iqlimləşdirmə şöbəsinin müdiri dosent H.Əsədov və elmi işçi K.Sadıqovanın, F.Abdullayev və Z.Babayeva-Cəfərzadə ilə həmmüəllif olduqları “Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekologiyası” kitabı nəşr olub.
Təqdim olunan kitab Azərbaycan Respublikasının subtropik bölgələrindən olan Lənkəran-Astara rayonunun iqlim-torpaq şəraitində becərilən Çin çayı növ müxtəlifliyinin (Thea sinensis L.) ekoloji amillərin təsiri nəticəsində baş verən biomorfoloji, fizioloji, biokimyəvi, boy və inkişaf dinamikasının dəyişməsinə həsr edilib. Ekoloji amillərin stress təsiri nəticəsində çay bitkisinin davamlılıq xüsusiyyətləri, fotosintez prosesinin fəallığı, çay yarpaqlarında xlorofilin miqdarının dinamiki dəyişməsi, çay fleşlərində flavonidlərin − tanin, katexin-tanin kompleksi, flavonol, kofein və eləcə də ekstraktiv maddənin miqdarı, çayın rəng çalarlarının metal ionlarından asılı olaraq dəyişməsi və müxtəlif suvarma tədbirlərinin təbliği və s. öyrənilib, çayın keyfiyyət göstəricilərinin ekoloji amillərdən asılılığı şərh edilib.
Kitab çay becərən mütəxəssislər üçün nəzərdə tutulub, təsərrüfatçılar, tələbə, doktorant və müəllimlər də ondan səmərəli istifadə edə bilərlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.