Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.10.2025 15:10
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd edilib

Dilçilik İnstitutunda professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun 70 illik yubileyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli bildirib ki, işıqlı təfəkkürə malik professor İsmayıl Kazımov gənc yaşlarından bütün fəaliyyətini elmi yaradıcılığa, milli mədəniyyətimizə həsr edib. Onun kitab və məqalələrində belə dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə alimin kitablarının adları ilə tanışlıq zamanı onun yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən.

Nadir Məmmədli vurğulayıb ki, İsmayıl Kazımov “Oğuz qrupu türk dillərində yarımçıq cümlə” (Bakı, “Elm”, 1987) , “Ahıska türklərinin dili” (Bakı, “Elm”, 1999) və “Ahıska toponimləri” (Bakı, “Nurlan”, 2001), “Ahıska türkləri: Dil, tarix və folklor” (Bakı, “Elm və təhsil”, 2012), “Nizami Cəfərov və Azərbaycan türçülük düşüncəsi” (Bakı, “AzataM”, 2010), “Yazıçı karyerası: Dilin və sənətin işığında” (Bakı, 2013) və “Yazıçı: Müasir həyat və gerçəkliklər” (Bakı, 2012), Mahmud Kaşğari “divanı”nın leksikası (Bakı: Elm və Təhsil, 2025), “Müasir türk dillərinin müqayisəli fonetikası” (Bakı, 2011) və “Müasir türk dillərinin müqayisəli leksikası” (Bakı, 2010), “Müqayisəli sintaksis” (rus dilində) (Bakı, “Elm və təhsil”, 2016), Türk dillərinin funksional morfologiyası (Bakı: Elm və təhsil, 2019, üç cilddə), Müasir Azərbaycan dilinin akademik qrammatikaları (dörd cilldə) əsərlərinin, monoqrafiya və kitablarının müəllifidir.

İclasda fəxri qonaq ADPU-nun Beynəlxalq əlaqələr prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, İsmayıl Kazımov həyat və yaradıcılığının bütün mərhələləri diqqət çəkir. İsmayıl Kazımovun orta məktəb illərindən bu günə qədər aparan şərəfli yoluna nəzər saldıqda bunu açıq-aydın görmək olur. İsmayıl müəllim ictimai işlərdə də, elmi araşdırmalarda da, təhsil quruculuğunda da əzmkarlıq göstərib, bilik və bacarığını, istək və qabiliyyətini əsirgəməyib. Onun məqsədi, məramı xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, dilimizin, türkologiyanın inkişafına töhfələr vermək, yeniliklər gətirmək olub

Tədbirdə professor İsmayıl Məmmədli “İsmayıl Kazımovun yaradıcılığı haqqında fikirlər”,  professor İlham Tahirov “İsmayıl Kazımovun – Türkoloji qurultay və simpoziumdakı çıxışları”, dosent Təhminə İsmayılova “İsmayıl Kazımovun Müasir Azərbaycan dili şöbəsindəki fəaliyyəti”, filologiya üzrə fəlsəfə doktorları Dilbər Camali “İsmayıl Kazımovun türkoloji görüşləri” və İmanyar Quliyevin “İsmayıl Kazımovun elmi-publisistik yaradıcılığı” mövzuzunda məruzələr dinlənilib.

Tədbirdə professor İsmayıl Kazımov 70 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə Dilçilik İnstitutunun Fəxri fərmanı ilə təltif olunub.

Tədbirdə professor Sayalı Sadıqova, İlhami Cəfərov, dosentlər Elçin İsmayılov, elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli çıxış edərək İsmayıl Kazımovun yüksək intellektə, geniş dünyagörüşə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayıb, onun dilçilik elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: