Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda mülki müdafiə qüvvələri ilə bağlı xəbərdarlıq və toplanış məşqi mövzusunda maarifləndirici tədbir keçirilib.
Məşqin keçirilməsində məqsəd fövqəladə hallarda operativ reaksiya vermək, əməkdaşların təhlükəsizlik vərdişlərini təkmilləşdirmək və mülki müdafiə sahəsində maarifləndirməni gücləndirmək olub.
Tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Mülki müdafiə üzrə görüləcək işlərin koordinasiyası və təşkilati məsələlər tədbirdə akademikin diqqət mərkəzində olub. İsmayıl Hacıyev mülki müdafiənin əhəmiyyətindən danışıb. O, bildirib ki, baş verə biləcək təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı insan həyatının qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Akademik çıxışında mülki müdafiənin mahiyyətinə toxunaraq bildirib ki, bu sahə yalnız rəsmi prosedurların icrası ilə məhdudlaşmamalı, hər bir əməkdaşın real təhlükə anında necə davranacağını bilməsini təmin etməlidir. O, əlavə edib ki, mülki müdafiə tədbirləri formal yanaşma ilə deyil, məsuliyyətli və məqsədyönlü şəkildə təşkil olunmalı, praktiki nəticələrə xidmət etməlidir və eyni zamanda bu tip tədbirlər mütəmadi xarakter daşımalıdır.
Mülki Müdafiə Qərargahının rəisi Rəşad Zülfüqarov çıxış edib. O, mülki müdafiə məsələlərinin aktual və strateji əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, mülki müdafiə yalnız fövqəladə hallara reaksiya vermək deyil, həm də qabaqlayıcı tədbirlərlə risklərin minimuma endirilməsi işidir. Eyni zamanda, Rəşad Zülfüqarov gündəlik həyat və iş şəraitində mülki müdafiə savadlılığının nə qədər vacib olduğunu da diqqətə çatdırıb.
Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov və AMEA Naxçıvan Bölməsi Mülki Müdafiə Qərargahının baş mütəxəssisi Rövşən Orucəliyev çıxış ediblər. Onlar mülki müdafiə sahəsində görülən işlər, əməkdaşların maarifləndirilməsi və təhlükəsizlik tədbirlərinin əhəmiyyətindən danışıblar.
Sonda İsmayıl Hacıyev gələn ilin əvvəlində mülki müdafiə tədbirinin keçirilməsi barədə tapşırıq verib. O, bu tədbirin yalnız hesabat xatirinə deyil, real nəticələrə yönəlmiş və bütün əməkdaşları əhatə edən formatda təşkil olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.