Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2025 17:52
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, uşaq yazıçısı və pedaqoq Süleyman Sani Axundovun 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında əsərlərində geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundovun yaradıcılıq fəaliyyətindən, onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən bəhs edib.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, həmin şöbənin aparıcı elmi işçiləri - fil.ü.f.d., dosent Könül Bağırova və fil.ü.f.d. Aytən Quliyeva, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin elmi işçisi Mərcan Hüseynova mövzuya uyğun məruzələrində Süleyman Sani Axundov arxivinin və xatirələrinin əlyazma - nəşr nüsxələrindən, onun nəsr irsində aparılan tekstoloji araşdırmalardan, görkəmli dramaturqun arxiv məktublarından, o cümlədən uşaq ədəbiyyatı yaradıcılığının problematikası məsələlərindən söz açıb, çıxışlarında dövrünün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış yazıçının öz əsərlərində müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışdığını vurğulayıblar.

Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Rəna İskəndərli məruzə ətrafında çıxış edərək Süleyman Sani Axundovun bədii irsindən söz açıb, ədibin orijinal nasir olmaqla Azərbaycan uşaq ədəbiyyatına yeni forma, məzmun və üslub yenilikləri gətirdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar institutun Ekspozisiya zalında “Süleyman Sani Axundov – 150” adlı sərgi ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgidə ədibin əlyazmaları, elmi-publisistik materialları, portreti və fotoları nümayiş olunub.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: