Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi Gəncənin elm ocaqlarında geniş tədbirlərlə qeyd olunur. Bu əlamətdar yubiley münasibətilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin xidmətində” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb.
Konfransı giriş nitqi ilə institutun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açaraq toplantıda iştirak edən AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevi, Gəncə Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Vaqif Novruzovu, Texnologiya Universitetinin professoru Əhəd Nəbiyevi, Azərbaycan Dövlət Aqrar Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Abdullayevanı, eləcə də digər alim və tədqiqatçıları salamlayıb, onları bu əlamətdar yubiley tarixi münasibətilə təbrik edib.
Professor İ.Cəfərov “AMEA-nın tarixinə bir nəzər” mövzusundakı çıxışında Akademiyanın yaranma tarixi, ölkənin elmi həyatında tutduğu əhəmiyyətli mövqe, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat verib. O, həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və vitse-prezidenti akademik İradə Hüseynovanın bu müəssisəyə səfərinin elmi fəaliyyətə göstərilən yüksək diqqətin bariz nümunəsi olduğunu qeyd edib.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, Gəncə şəhəri Ziyalılar Cəmiyyətinin rəhbəri akademik Fuad Əliyev iştirakçılara bu tarixi yubiley münasibətilə təbriklərini çatdırıb.
O, “AMEA-nın Gəncə Bölməsinin tarixi: formalaşma yolu” mövzusunda çıxış edərək, bölgələrimizdə, xüsusən də respublikamızın ikinci şəhərində fundamental tədqiqatlara qadir olan elmi mərkəzlərin yaradılmasının Ulu Öndər Heydər Əliyevin gələcəyi düşünən strateji düşüncəsinin məhsulu olduğunu, bu xəttin müasir dövrümüzdə Prezident cənab İlham Əliyev tərəfindən hər sahənin, o cümlədən inkişafın vacib şərtlərindən olan elmin dünya tələbləri baxımından yüksəlişinin təmin edilməsinin diqqətdə saxlanıldığını vurğulayıb. Akademik Fuad Əliyev bölmənin yaradılma məqsədləri, elmi istiqamətləri, eləcə də gələcək fəaliyyət prioritetləri haqda məlumat verib, bu xüsusda, elmi əməkdaşlıq imkanları və xüsusən gənc tədqiqatçıların elmə inteqrasiyası istiqamətində görülən və görülməsi vacib olan işləri diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov “Elmi kadrların yetişdirilməsində AMEA-nın rolu” mövzusundakı çıxışında Akademiyanın elmi məktəblərinin formalaşması, kadr hazırlığı prosesləri və təcrübə mübadiləsi imkanları barədə danışıb.
Həmçinin Azərbaycan Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev “Universitet elminin formalaşdırılmasında AMEA-nın izləri” və Azərbaycan Dövlət Aqrar Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Abdullayeva “Azərbaycan təhsili və elm”, eləcə də gənc alimlər adından BMTBETİ-nin əməkdaşı Jalə Hüseynzadə “Azərbaycan gəncliyi: elm axtarışında və inkişaf yolunda” mövzusu ilə çıxış ediblər.
Tədbirdə elmi-tədqiqat və ali təhsil ocaqları arasında əməkdaşlığın koordinasiyası və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri də müzakrə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.