Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksəktemperaturlu ifratkeçiricilər” laboratoriyasının rəhbəri f.ü.f.d., dosent Raida İbayeva və doktorant Arzu Sadıqova Özbəkistan Respublikasının Daşkənd şəhərində 16-18 oktyabr 2025-ci il tarixlərində keçirilən akademik S.Azimovun 110 illik yubileyinə həsr olunmuş “Müasir fizikanın fundamental və tətbiqi problemləri” adlı XI Beynəlxalq konfransda iştirak ediblər.
Dosent Raida İbayeva konfransın plenar iclasında məruzə ilə çıxış edib. Onun “Rashba spin-orbit coupling-induced intraband optical absorption in a two-dimensional electron gas” mövzusunda təqdim etdiyi elmi məqalə ən yaxşı nəzəri iş olaraq qiymətləndirilib və təltif olunub.
Konfrans müddətində iştirakçılar Parkent ərazisində yerləşən Günəş sobası adlanan elmi tədqiqat mərkəzinə səfər edib. 1981-ci ildə tikilən və Daşkənd şəhərindən 45 km məsafədə yerləşən Özbəkistan günəş sobası Asiyada ən böyük soba hesab olunur. Bu soba günəş enerjisini toplayaraq yüksək temperatur (30000 C-ə qədər) yaradan qurğudur, materialların əridilməsi, sınaqlar və enerji istehsalı üçün istifadə olunur.
Konfrans dünya şöhrətli alimlərin dərin elmi biliklərə əsaslanan maraqlı çıxışları və yüksək səviyyəli məruzələri ilə yadda qalıb, bu isə tədbirin elmi müzakirələrə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.