Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.10.2025 12:14
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün açıq dərs keçirilib

Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri üçün açıq dərs keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin I kurs tələbələri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət ediblər.

Qonaqları institutun Əlyazmaların elmi-ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix ü.f.d., dosent Nigar Babaxanova qarşılayıb, onlara Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmaların surətləri, taxta üzərində oyma yazı nümunələri, yazılı abidələr və qiymətli eksponatlar əsasında açıq dərs keçib.

Açıq dərs zamanı tələbələr elmi-tədqiqat müəssisəmizdə mühafizə olunan tarixə dair türk, ərəb və farsdilli əsərlərin əlyazma nümunələri, eyni zamanda Müzəffərəddin şahın, Şah Abbasın, Şah Süleymanın, Şah Səfinin, Nəsrəddin şahın, Sultan Əbdüləziz xanın fərmanları və Abbasqulu xanın hökmünə dair əlyazmaların fotosurətləri ilə tanış olub, Xandəmir Qiyasəddinin “Həbibus-siyər”, Həsən bəy Rumlunun “Əhsənül-təvarix”, Mirxond Məhəmməd ibn Xavəndşahın “Rövzətüs-səfa” və Mirzə Adıgözəl bəyin “Qarabağ tarixi” əsərləri haqqında geniş bilgi əldə ediblər.

N.Babaxanova tələbələrə, həmçinin UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat verib. Tələbələr Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələrinə tamaşa ediblər.

Sonda iştirakçıların xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: