Hüseyn Cavidin Ev Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birlikdə “İşıq saçan ömürlər” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan maarifinə, mədəniyyətinə böyük töhfələr vermiş iki böyük insana - Hüseyn Cavid və Abdulla Şaiqə həsr edilib.
Cavid millətin tərəqqisi üçün maariflənməyi ən vacib amillərdən hesab edirdi. İnanırdı ki, millət sivilizasiyanın axarına ancaq ibtidai məktəbin qapısından keçərək daxil ola bilər.
Abdulla Şaiq və Hüseyn Cavid Vətənin övladlarını savadlı görmək üçün canlarını, xalqın tərəqqisi üçün qələmlərinin gücünü əsirgəmədilər. Şaiq “Nümunə məktəbi”ni yaratdı. Hüseyn Cavid isə Naxçıvanda “Rüşdiyyə”, “Səadət” Bakı Müsəlman Ruhani Cəmiyyətinin Cənubi Azərbaycandan gəlmiş fəhlələrin uşaqları üçün təşkil etdiyi “İttihad”, Əli bəy Hüseynzadənin rəhbərlik etdiyi “Mədreseyi-Səadət”, Tağı Nağıyevin “Səfa” (Yetimlər Evi), Eçməidzin Kolani kənd məktəbində, Qızlar Məktəbində, Darülmüəllim və Darülmüəllimat və s. kimi tədris ocaqlarında dərs dedi.
Onlar ömürlərini vətən üçün, xalq üçün fəda edərək “Səməndər ömrü” yaşadılar. Bu gün bir daha şahid olduq ki, ömrünü sözə, təhsilə həsr edən insan əslində ölməzlik qazanır. Hüseyn Cavidin və Abdulla Şaiqin ruhu sözün işığında yaşayır, yaratdıqları irs isə hər nəsildə yenidən doğulur. Qoy Cavidin cəsarəti, Şaiqin təmiz duyğuları gələcək nəsillərin yoluna işıq saçsın!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.