AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 8 Noyabr - Zəfər Gününə və Böyük Qələbənin 5 illiyinə həsr edilmiş “Azərbaycan incəsənətində Zəfər mövzusu” adlı dəyirmi masa təşkil olunub.
Yığıncağı giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açıb.
Qeyd olunub ki, bu il noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Gününün beş ili tamam olur. 8 noyabr 2020-ci il Qarabağın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad olunduğu gündür. Həmin gün eyni zamanda Azərbaycan xalqı üçün tarixi və şərəfli bir gündür. Ölkəmizin bu tarixi nailiyyəti həm ordu quruculuğu sahəsində, həm də diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli şəkildə təbliğinin nəticəsidir. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun istifadə etdiyi müasir silahların yüksək effektivliyindən bəhs edən institut rəhbəri Hərbi Akademiya dərsliklərində bu mövzunun yer aldığını bildirib.
Tədbirdə Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Azərbaycan musiqi mədəniyyətində Zəfər mövzusu”, Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva “44 Günün Zəfəri: Milli Qürurun bədii-memarlıq təcəssümü ”, Elmi katib v.i.e., sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Mühacir Azərbaycan rəssamlarının yaradıcılığında Zəfər mövzusunun təcəssümü”, Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “Azərbaycan teatrında Zəfər nəfəsli tamaşalar” adlı məruzələrlə çıxış edib.
Professor Nailə Rəhimbəylinin çıxışı boyunca Zəfərə həsr edilən Azərbaycan bəstəkarlarının əsərlərindən fraqmentlər səsləndirilib.
Çıxış edənlər işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən, Azərbaycan ordusunun qüdrətini, qəhrəmanlığını və milli iftixar hissini əks etdirən Zəfər mövzusunun incəsənətin sahələrində təcəssüm etdirilməsindən bəhs edib. Qeyd olunub ki, düşmən üzərində çalınan bu qələbə Azərbaycan xalqının tarixi nailiyyətidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.