AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurası və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Arxeoloqun bir günü” adlı maarifləndirici tədbir baş tutub.
Tədbirin məqsədi institutun elmi işçisi və doktorantı Mircavid Ağalarovun təqdimatında tələbələrə arxeologiya elmini daha yaxından tanıtmaq, bu sahədə praktiki fəaliyyətin mahiyyətini izah etmək və gənclərdə elmi tədqiqatlara marağı artırmaq olub.
Təqdimat zamanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri Mircavid Ağalarov arxeoloqun gündəlik iş prinsipləri, sahə tədqiqatlarının mərhələləri, qazıntı zamanı aparılan elmi qeydiyyat prosesi, tapıntıların konservasiyası və tədqiqi ilə bağlı geniş məlumat verib. O, həmçinin Azərbaycan ərazisində aparılan son arxeoloji tədqiqatlardan danışıb.
Çıxış zamanı iştirakçılara arxeoloqun real iş mühiti, istifadə olunan alətlər, sənədləşmə qaydaları və sahə şəraitində mümkün çətinliklər barədə foto və video materiallar nümayiş etdirilib. Mircavid Ağalarov arxeologiyanın elmlər içində xüsusi dəyəri, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Tədbir interaktiv müzakirə ilə davam edib. Tələbələr arxeologiyada karyera imkanları, gənc tədqiqatçıların hazırlığı, həmçinin ekspedisiyalarda iştirakla bağlı çoxsaylı suallar veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.