Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2025 14:21
  • A-
  • A
  • A+

“Azərbaycançılıq məfkurəsi dövlətçiliyimizin və zəfərlərimizin işıqlı yoludur: Yazıçı – alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və qələbənin vəhdəti” mövzusunda tədbir

“Azərbaycançılıq məfkurəsi dövlətçiliyimizin və zəfərlərimizin işıqlı yoludur: Yazıçı – alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və qələbənin vəhdəti” mövzusunda tədbir

Zəfərlərimizin 5 illik yubileyi ilə əlaqədar olaraq Şərur rayonu Mədəniyyət evində, Naxçıvan Dövlət Universitetində, Universitetin Elmi kitabxanasında və AMEA Naxçıvan Bölməsində “Azərbaycançılıq məfkurəsi dövlətçiliyimizin və zəfərlərimizin işıqlı yoludur: Yazıçı – alim Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və qələbənin vəhdəti” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə Şərur rayon icra hakimyyətinin əməkdaşları, rayon sakinləri, ziyalıları, müəllim və şagirdləri,  şəhid ailələri,  NDU-nin  müəllim və tələbə heyəti, AMEA Naxçıvan Bölməsinin alimləri, Bakıdan gəlmiş alim və ziyalılar  iştirak ediblər.

Şərur rayonunda keçirilən tədbirdən öncə qonaqlar və İcra Hakimyyəti nümayəndələri Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Mədəniyyət evində baş tutan tədbirdə Naxçıvan MR Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli,  AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov və yazıçı, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev çıxış ediblər. “Azərbaycançılıq məfkurəsi” və “Aləmlərin söhbəti” videorolikləri nümayiş edilib. Xanlıqlar kənd orta məktəbinin şagirdləri “AND” şeirini söyləyiblər.

Universitetin Elmi kitabxanasında keçirilən tədbirdə kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova yazıçının yaradıcılıq yolu, elmi fəaliyyəti barədə məlumat verib, həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı kitablarını görüş iştirakçılarına təqdim edib. Çıxışlardan sonra tələblərin və müəllimlərin sualları cavablandırılıb, maraqlı diskussiyalar baş tutub.

Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində keçirilən tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov azərbaycançılıq ideologiyasının mahiyyətindən danışaraq bildirib ki, bu məfkurə təkcə milli-mənəvi dəyərlərin qorunması deyil, eyni zamanda milli kimliyə və dövlətə bağlılığın fəxrlə ifadəsidir. Yazıçı-alimin kitabları isə dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı təqdim edən etibarlı mənbələrdir.

Naxçıvan MR Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Alim, yazıçı Sadıq Qarayevin əsərlərində milli dövlətçiliyin elmi, bədii təsviri” mövzusunda, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kredo qəzetinin baş redaktoru Əlirza Xələfli “Azərbaycançılıq məfkurəsi və qələbənin vəhdəti elmi idrakın və bədii təfəkkürün işığında” mövzusunda çıxış ediblər.

Eləcə də  “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyevanın “Sadıq Qarayevin yaradıcılığında Qarabağ Azadlığı: Tarixi Zəfərin izi ilə”, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənovun “Azərbaycançılıq məfkurəsinin tarixi zəfər romanları”, “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elburus Vəliyevin “Yazıçının dilində mental dəyərlərin təzahürü və üslub norması məsələləri” mövzusunda çıxışları dinlənilib.

Natiqlər bildiriblər ki, Sadıq Qarayevin əsərlərində azərbaycançılıq, dövlətçilik, milli qürur və zəfər ruhun bədii, elmi aspektlərdən təqdim olunub. Bu əsərlərə nəinki  ədəbiyyatçılar, eyni zamanda tarixçilər, filosoflar, dilçi alimlər müraciət edib, araşdırma və yeni tədqiqat işləri hazırlaya bilərlər.

AMEA Naxçıvan Bölməsində keçirilən görüşdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev, yazıçı-alim Sadıq Qarayev, “Kredo” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair və publisist Əlirza Xələfli, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlu və digər əməkdaşlar iştirak ediblər.

Səmimi və yaradıcı mühitdə keçən görüşdə Azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edilib. Zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatırlmasında bədii ədəbiyyatın  mühüm rolu  vurğulanıb. Görüş iştirakçıları bu baxımdan Sadıq Qarayevin əsərlərini yüksək qiymətləndiriblər.

Tədbirdə elmin və ədəbiyyatın qarşılıqlı əlaqəsi, müasir Azərbaycan ədəbiyyatının elmi-nəzəri əsasları, Naxçıvanda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüş zamanı qonaqlar müəllifi olduqları elmi və ədəbi nəşrləri akademik İsmayıl Hacıyevə təqdim ediblər. Akademik İsmayıl Hacıyev də öz növbəsində həm müəllifi olduğu əsərləri, həm də AMEA Naxçıvan Bölməsinin son illərdə çap olunan elmi nəşrlərini qonaqlara hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: