Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.11.2025 11:49
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Tariximizin zəfər salnaməsi” adlı tədbir keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. Alim çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıb, 8 noyabr tarixinin Azərbaycan xalqının təkcə qələbə günü deyil, həm də birliyinin rəmzi günü olduğunu diqqətə çatdırıb.

Tədbirdə institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin kiçik elmi işçisi Ramidə Abbasovanın “Zəfərin Tovuz səsi: Kapitan Ceyhun Həsənovun qəhrəmanlıq salnaməsi”, Biblioqrafiya şöbəsinin böyük laborantı Nəsibə Murtuzayevanın “Böyük Zəfərə gedən yol: 8 Noyabr – Zəfər Günü” və həmin şöbənin biblioqrafı Fəxriyyə Tarverdiyevanın “Qalib millət, möhkəm gələcək” mövzularında məruzələri dinlənilib.

İnstitutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə, elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirli və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova məruzə ətrafında çıxışlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, xalqımız canlarını qurban verən şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq və onların adı hər zaman ən yüksək səviyyədə yad ediləcək.

Tədbir çərçivəsində institut Kitabxanasının “8 Noyabr - Zəfər Günü” münasibətilə hazırladığı video-slayd nümayiş olunub. İştirakçılar kitabxana əməkdaşlarının təqdim etdiyi, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: