Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2025 23:28
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Fizika İnstitutunda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb və əməkdaşları Zəfər bayramı münasibətilə təbrik edib. Akademik Arif Həşimov çıxışında 8 Noyabr-Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib və bildirib ki, Zəfər Günü-Azərbaycan Respublikasında hər il 8 noyabr tarixində qeyd olunan dövlət bayramıdır. Həmçinin akademik Arif Həşimov Zəfər Gününün bütün dünya azərbaycanlılarının, ümumimilikdə türk dünyasının bayramı olduğunu qeyd edib. Akademik Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Həmçinin zəfər yoluna aparan qələbənin tarixindən söhbət açıb. Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.

Akademik Arif Həşimov Birinci Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarının da iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan Mətanət Məcidova isə şəhid ailəsidir.

Daha sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyevaya verilib. Professor Səlimə Mehdiyeva çıxışında bildirib ki, xalqın mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad edib. Qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaət, xalqın ordusuna verdiyi mənəvi dəstək sayəsində Azərbaycan bayrağı yenidən Qarabağda, Şuşada dalğalandı. Bu gün biz Zəfər Gününü həm qürurla, həm də şəhidlərimizin ruhuna dərin hörmətlə qeyd edirik.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova 8 Noyabr-Zəfər Gününün əhəmiyyətindən danışıb. Professor Adilə Abbasova çıxışında Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən danışıb.

Sonda institutun əməkdaşları fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev, fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva, böyük elmi işçi Şəfəq Əhədzadə, elmi işçi Bayram Xudayarov 8 Noyabr-Zəfər Günün tarixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən və s. danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: