Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2025 17:50
  • A-
  • A
  • A+

Zəfərimizin beşinci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

Zəfərimizin beşinci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda 8 Noyabr Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş “Azad edilmiş ərazilərdə Məhkəmə arxeologiyas mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Arxeologiya və Antropologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənov Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəhrəman Milli Ordumuzun 5 il öncə mənfur işğalçılar üzərində qazandığı misilsiz qələbədən söz açıb. Azərbaycan xalqının əzmini göstərən bu şanlı qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bir vüsət alan quruculuq və bərpa işləri ilə yanaşı I və II Qarabağ müharibələrində itkin düşmüş soydaşlarımızın axtarılması yönündə işlərə başlanıldığını da bildirib.

Bu istiqamətdə işlərə aidiyyatı dövlət orqanları və beynəlxalq təşkilatlarla yanaşı AMEA Arxeologiya və Antropologiya İnstitutunun təcrübəli əməkdaşları da cəlb edildi. Aydın oldu ki, itkin düşmüş soydaşlarımızın axtarışı istiqamətində sistemli işlərin aparılması üçün beynəlxalq təcrübəyə arxalanmaq və artıq bir sıra ölkələrdə mövcud arxeologiya elminin bazasına əsaslanan “Məhkəmə arxeologiyası” sahəsini yaratmağa ehtiyac vardır. Beləliklə də, İnstitut nəzdində “Məhkəmə arxeologiyası” şöbəsi yaradıldı.

Daha sonra söz alan AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Quliyev elektron təsvirlərlə müşayət olunan “Azad edilmiş ərazilərdə Məhkəmə arxeologiyası mütəxəssislərinin apardığı tədqiqatlar” mövzusunda çıxış etdi. Akif Quliyev bildirdi ki, aidiyyatı olan dövlət qurumları, əsasən də hüquq-mühafizə orqanları müstəqilliyin ilk günlərindən müxtəlif məsələlərin araşdırılmasında arxeoloqları  əməkdaşlığa cəlb etmişlər. “Bu sıradan XX əsrin 90-cı illərinin əvvəlində Bakı şəhəri yaxınlığında Stalin dövrü repressiya qurbanlarına aid kütləvi dəfnin araşdırılmasında İnstitut əməkdaşlarının iştirakını göstərmək olar. 26 Bakı komissarlarının gizlinlərinin araşdırılmasına da bizim institutun mütəxəssisləri cəlb olundular. Həmçinin, Qubada Soyqırım məzarlığının tədqiqatında arxeoloq həmkarlarımızın fəaliyyəti də KİV tərəfindən geniş işıqlandırılmışdır. Nəhayət, 44 günlük II Qarabağ müharibəsində Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə qazanıldıqdan sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqatlara paralel olaraq itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılmasına arxeoloqların  da cəlb edilməsinə tələb yarandı. Sistemli tədqiqatlara ehtiyac olduğundan AMEA rəhbərliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, aidiyyatlı dövlət orqanlarının və beynəlxalq təşkilatların dəstəyi ilə  institut nəzdində “Məhkəmə arxeologiyası” şöbəsi yaradıldı”.

Akif Quliyev 2022-ci ildən bu günədək Məhkəmə arxeologiyası şöbəsinin əməkdaşlarının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında arxeoloji tədqiqatlar aparan arxeoloqların iştirakı ilə itkin düşmüş soydaşlarımızın taleyinin araşdırılması istiqamətində görülən işlərdən söz açdı. Şöbə müdiri Məhkəmə arxeologiyası üzrə beynəlxalq təcrübə və elmi bilik mübadiləsi çərçivəsində arxeoloqların ərazisində müharibələr olmuş dünyanın müxtəlif ölkələrində (Kipr, Serbiya) təlimlərdə iştirak etmələrindən, məhkəmə arxeologiyası və antropologiyası üzrə beynəlxalq elmi konfranslarda (Türkiyə, Avstraliya və d.) arxeoloqlarımızın fəal iştirakı barədə məlumat verdi.

Eyni zamanda Akif Quliyev aparılan tədqiqatlarda üzləşdikləri çətinliklər və problemlərin həll edilməsində toplanmış təcrübədən söz açdı. “Ən əsas problem – mənəvi-psixoloji və emosional stresin öhdəsindən gəlməkdir. Belə ki, bəzi hallarda biz əsir düşmüş azərbaycanlı hərbçilərin və dinc sakinlərin qalıqlarını araşdırarkən erməni işğalçıları tərəfindən törədilən vəhşi işgəncələrin və qətllərin əlamətlərini qeyd edirik. Bunlarla üzləşmiş arxeoloqdan möhkəm iradə və psixoloji immunitet tələb edilir”.

Məruzənin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və tədbir iştiakçıları bir daha Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yad ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: