Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə iclas keçirilib.
İclası giriş sözü ilə institutun baş direktoru akademik Vaqif Abbasov açıb. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İnstitutun baş direktoru Vaqif Abbasov qeyd edib ki, Zəfər Günü Azərbaycanın milli qürurunun, xalqımızın birliyi və yenilməz ruhunun ən böyük rəmzlərindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu.
Tariximizdə görünməmiş Dövlət-Xalq birliyi məhz müdrik Prezidentimiz İlham Əliyevin sayəsində yaranıb. Otuz ilə yaxın müddətdə ermənilərin xarabalığa çevirdiyi cənnət məkanımızda misli görünməmiş quruculuq-abadlıq işləri görülür. Üçrəngli bayrağımız indi işğaldan azad olunmuş torpaqlarda zəfər bayrağı olaraq dalğalanır.
Akademik V.Abbasov qeyd edib ki, bu şanlı Qələbə tariximizə qızıl hərflərlə yazılıb və gələcək nəsillər üçün qəhrəmanlıq məktəbidir. Azərbaycan xalqı bu qələbəni şərəflə qoruyacaq və daim uca tutacaq.
Tədbir sonda vətənimizin ərazi bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlarımıza dərin ehtiram və minnətdarlıqla yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.