Martın 30-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva zaman-zaman ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən söz açıb, mart soyqırımı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bildirilib ki, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali öz doğma torpaqlarından didərgin salınıb.
G.Baxşəliyeva institutun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Həsən Səfərinin bu günlərdə işıq üzü görən və tədbirdə təqdimatı keçirilən “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı kitabından da söz açıb: “Tədqiqat işindən aydın olur ki, 1918-ci il Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı birləşmiş erməni-aysor silahlı dəstələrinin törətdiyi soyqırımı indiki Azərbaycan Respublikası əraziləri də daxil olmaqla, bütün bölgədə azərbaycanlılara qarşı törədilən soyqırım planı çərçivəsində baş vermişdir. Soyqırımın törədilməsində məqsəd isə Azərbaycan Respublikası ərazisində olduğu kimi, Cənubi Azərbaycan ərazisində də aborigen əhalini soyqırımla məhv etmək və demoqrafik mənzərəni ermənilərin xeyrinə dəyişməklə “Böyük Ermənistan” təşkil etməyə real şərait yaratmaq idi.
Bildirilib ki, monoqrafiyada Birinci Dünya Müharibəsinin gedişində (1914-1918-ci illər) Qərb dövlətləri, eləcə də, Rusiyanın köməyi sayəsində yaradılan birləşmiş erməni silahlı dəstələri tərəfindən Cənubi Azərbaycanın qərb bölgəsində (Urmiya, Salmas, Xoy və ətraf yaşayış məntəqələrində) 200 minə qədər azərbaycanlının soyqırıma məruz qalması araşdırılır. Oxuculara təqdim olunan kitabda bəzi Qərb dövlətləri və çar Rusiyası nümayəndələrinin, eləcə də missioner təşkilatların Azərbaycan və Türkiyə ərazisində dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq məqsədilə erməniləri təşkilatlandırıb silahlandırmaları mötəbər mənbələr əsasında araşdırılıb təhlil edilir.
Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxış edərək ötən əsrin əvvəllərində Şimali Azərbaycanda baş verən proseslərin eyni ilə Cənubi Azərbaycanda da getdiyini söyləyib. Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan N.Axundova bu əsərin rus, ingilis, fars və başqa dillərə tərcümə edilərək bütün dünyaya yayılmasının vacibliyini qeyd edib.
Tədbirdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.