Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
Tədbiri Elmi şuranın sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdə yer alan məsələlərlə iştirakçıları tanış edib.
Akademik Teymur Kərimli Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Ölkə başçısının sərəncamından irəli gələn vəzifələr və türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan bu qurultayın 100 illiyinin layiqincə qeyd edilməsi üçün bölmənin elmi tədqiqat müəssisələrinə müvafiq tapşırıqlar verib.
İclasda Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində 2025-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri səslənib və gənc tədqiqatçıların dissertasiya mövzuları müzakirə olunub. Məsələ ilə bağlı AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, elmi müəssisələrin Təhsil şöbələrinin müdirləri çıxış edərək öz fikirlərini bildiriblər. Doktoranturaya qəbul olunan gənc tədqiqatçılara elmi istiqamətləri və tədqiqat mövzuları ilə bağlı tövsiyələr verilib.
Həmçinin Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planına təkliflər müzakirə olunub.
Elmi Şuranın iclasında AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevə söz verilib. O, öz çıxışında Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin Mədəniyyət Paytaxtı” elan edildiyini xatırladıb. Bu münasibətlə 2025-ci il noyabr ayının 25-də AMEA-nın Humanitar Elmlər Bölməsi və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Elmi sessiyanın keçiriləcəyini qeyd edib. Tədbirdə XVI əsrdə Laçın rayonunda yaşayıb yaradan bayatı ustadı Sarı Aşığın yaradıcılığına həsr olunan kitabın təqdimatı barədə məlumat verib.
Humanitar Elmlər Bölməsinin Elmi şurasında sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin Memarlıq və İncəsənət İnstitutunun elmi katibi vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Ramil Quliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisası üzrə 2009-ci ildə bakalavr, 2010-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2018-ci ildə “Türk xalqlarının təsviri sənətində Dədə Qorqud obrazı” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda “Türk xalqlarının təsviri sənətində simvolların bədii ifadə problemləri” mövzusunda tədqiqat aparır. Gənc alim sənətşünaslığın rəqəmsallaşdırılması sahəsində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı mütəxəssislərindəndir. İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis olaraq institutun saytının idarə olunmasında məsul şəxsdir. Bununla yanaşı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalının məsul katibidir.
İclasda AMEA-nın Folklor İnstitutunun Elmi şurasının vəsatətinə əsasən, filologiya üzrə fəlsəfə doktoru, professor Füzuli Gözəlovun Folklor nəzəriyyəsi, filologiya elmləri doktoru, dosent Mətanət Abbasovanın Cənubi Azərbaycan folkloru, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilovun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi üçün AMEA-nın Rəyasət Heyəti qarşında vəsatət qaldırılıb. AMEA-nın Folklor və Nəsimi adına Dilçilik institutlarının müvafiq şöbələrində çalışan bir sıra əməkdaşın aparıcı və baş elmi işçi vəzifələrinə təsdiq olunması haqqında qərarlar qəbul edilib.
Həmçinin, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının dissertasiya mövzularında dəyişiklik edilib.
Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Zemfira Verdiyevanın 90, eləcə də AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Əliheydər Orucovun 120 illik yubileylərinin qeyd olunması AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna həvalə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.