AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məmmədağa Sultanov - Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Konfransın plenar iclasını giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açaraq çıxışında ömrünü klassik irsimizin toplanmasına, öyrənilməsinə, tanıdılması və nəşrinə həsr etmiş Azərbaycan şairi, ədəbiyyatşünas, pedaqoq, fars dilinin mahir bilicisi, peşəkar jurnalist, müharibə və əmək veteranı, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri namizədi Məmmədağa Sultanovun həyat və yaradıcılığından, onun ədəbi, elmi və pedaqoji fəaliyyətindən bəhs edib. Şərq ədəbiyyatının mükəmməl bilicisi M.Sultanovun çoxşaxəli maraq dairəsinə malik alimlərdən biri olduğunu diqqətə çatdıran akademik şairin klassik irsimizin tədqiqi və təbliğində, xalqımızın mənəvi xəzinəsi olan Əlyazmalar İnstitutunun yaranması və inkişafında göstərdiyi müstəsna xidmətlərinin heç vaxt unudulmayacağını, onun əziz xatirəsinin xalqımız tərəfindən hər zaman yad ediləcəyini vurğulayıb. Daha sonra çıxış üçün sözü məruzəçilərə verib.
İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov “Azərbaycan əlyazmaşünaslığında Məmmədağa Sultanov məktəbi”, Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadə “Birinci nəsil əlyazmaşünas alim”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Əlyazmalar İnstitutu onun qolundan çıxdı”adlı məruzələrində Əlyazmalar İnstitutunun təməl daşlarından sayılan Məmmədağa Sultanovun poetik irsi, bədii nəsri və dramaturji fəaliyyətinin ədəbiyyata və müəllimliyə olan həvəsinin nəticəsi olduğunu vurğulayıblar. Şairin öz publisistik, elmi-pedaqoji, ədəbi-bədii və tərcüməçilik fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı tarixini görkəmli ədəbiyyatşünas kimi zənginləşdirdiyini diqqətə çatdıran alimlərimiz çıxışlarında M.Sultanovun şeirlərindən nümunələr səsləndirib, onunla bağlı xatirələri ilə bölüşüblər.
Tədbir boyunca institutun akt zalında görkəmli şairin arxiv şəkillərindən ibarət video-slayd nümayiş olunub, iştirakçılar Kitabxana əməkdaşlarının hazırladığı kitab sərgisi ilə tanış olublar.
Plenar iclasdan sonra konfrans bölmə iclasları ilə öz işinə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.