Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2025 09:42
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində maarifləndirici seminar keçirilib

Naxçıvan Bölməsində maarifləndirici seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə əhalinin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, fövqəladə halların profilaktikası və informasiya maarifləndirilməsi istiqamətində mühüm seminarlardan biri keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində baş tutub və geniş elmi ictimaiyyətin, təhsil və istehsalat müəssisələrinin nümayəndələrinin iştirakı ilə gerçəkləşib.

Seminarı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açıb. Akademik çıxışında müasir dövrdə fövqəladə halların təsirlərinin yalnız texnoloji və infrastruktur sahələri ilə məhdudlaşmadığını, ekologiyadan başlayaraq ictimai həyatı əhatə edən geniş spektrli nəticələr doğurduğunu bildirib. O qeyd edib ki, elm və istehsalat müəssisələri ilə dövlət qurumlarının birgə fəaliyyətinin gücləndirilməsi risklərin azaldılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə seminarın təşkilini maarifləndirici tədbirlərin davamlılığının nümunəsi kimi qiymətləndirib.

Tədbirdə ilk məruzə ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov çıxış edib. O, muxtar respublika ərazisində ehtimal olunan fövqəladə hadisələr barədə geniş məlumat verib və bu hadisələrin xarakterik xüsusiyyətlərini elmi əsaslarla şərh edib. Məruzədə fövqəladə halların ətraf mühitə vurduğu mənfi təsirlər, insan sağlamlığına gətirdiyi təhlükələr və bu hadisələrdən qorunma mexanizmləri haqqında zəruri izahlar təqdim olunub. Polkovnik-leytenant payız-qış mövsümü ilə əlaqədar məişət qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına xüsusi diqqət çəkib və dəm qazı təhlükəsinin qarşısının alınması üçün əsas profilaktiki tədbirləri sadalayıb. O, düzgün havalandırma sistemlərinin qurulmasının, qaz avadanlıqlarının texniki baxışdan keçirilməsinin və maariflənmənin həyati zərurət olduğunu vurğulayıb.

Seminarın növbəti məruzəçisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynov olub. Mayor Şahhüseynov zəlzələ və yanğın halları zamanı davranış qaydalarının real nümunələr əsasında tətbiqi mexanizmlərini izah edib. O, fövqəladə hal baş verdiyi anda insanların qərarvermə prosesində psixoloji sabitliyin qorunmasının mühüm şərt olduğunu bildirib. Təhlükəli mühitin tərk edilmə ardıcıllığı, ilkin müdafiə davranışları və təxliyə zamanı kollektiv hərəkət koordinasiyasının vacibliyi diqqət mərkəzində olub. Mayor həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinin və Dövlət Yanğından Mühafizə Hissələrinin 101 xidmət nömrəsinin əhəmiyyətindən bəhs edib və bu xidmətlərin operativ müdaxilə imkanları haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Tədbirdə digər məruzəçi isə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin ümumi şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İsmət Əsgərov olub. Mayor Əsgərov müəssisələrdə və şəxsi mülkiyyət obyektlərində yanğın təhlükəsizliyi sahəsində müəyyən edilmiş normativ tələblərdən danışıb və bu tələblərə əməl edilməməsinin doğuracağı fəsadları elmi əsaslarla izah edib. O yanğın baş verdiyi halda düzgün davranış ardıcıllığını diqqətə çatdırıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını praktik nümunələrlə təqdim edib. Mayor Əsgərov həmçinin müəssisələrin və vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı hüquq və vəzifələrinin qanunvericilik çərçivəsində müəyyənləşdirildiyini bildirib və bu məsuliyyətin gündəlik həyat üçün nə qədər vacib olduğunu vurğulayıb.

Seminarın sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir, ümumilikdə, fövqəladə halların qarşısının alınması, əhalinin maarifləndirilməsi və təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi istiqamətində böyük əhəmiyyətə malik addım kimi qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: