Geologiya və Geofizika İnstitutunda (GGİ) görkəmli kimyaçı alim akademik Yusif Məmmədəliyevin 120 illiyi münasibətilə tədbir keçirilib.
GGİ-nin baş direktoru akademik Akif Əlzadə tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə elmin inkişafına verdiyi misilsiz töhfələrdən irəli gələrək, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə inzaladığı Sərəncama əsasən görkəmli alimin xatirəsini yad etməyin əhəmiyyətini vurğulayıb.
Akademik Akif Əlizadə sonra sözü “Akademik Yusif Məmmədəliyevin həyatı və elmi irsi” mövzusunda məruzə üçün dəvət olunmuş ETN Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasova verib. Qonaq görkəmli alimin həyat və yaradıcılığı haqqında, elmi fəaliyyəti və qazandığı uğurlar, Azərbaycanda kimya elminin inkişafına verdiyi töhfələri barədə danışıb. Bildirib ki, respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.
V.Abbasov diqqətə çatdırıb ki, görkəmli alimin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, Bakı Dövlət Universitetinin rektoru, Kimya İnstitutunun direktoru, həmçinin digər mühüm vəzifələrdə fəaliyyəti həmişə nümunə göstərilib. Şərəfli həyatı və səmərəli elmi fəaliyyəti Dövlət mükafatı, çoxsaylı orden və medallarla, eləcə də ümumxalq sevgisi ilə qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.