Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2025 09:54
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatı dinlənilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatı dinlənilib

AR Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun cari il üçün yekun hesabatı dinlənilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, cari ildə institutun  elmi fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr beynəlxalq bazalarda referatlaşan yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində  əhəmiyyətli işlər görülüb.

Sonra institutun yekun hesabatını təqdim etmək üçün AMEA-nın müxbir üzvü, institutun icraçı direktoru Məhəmməd Babanlıya söz verilib. O, 2025- ci il üzrə institutda aparılan  elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə edib. Məruzəçi bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat  işləri  nəticəsində 11 mühüm elmi nəticə əldə edilmiş, bu ilin 11 ayı ərzində institut əməkdaşlarının 130  məqaləsi Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc olunub ki, bu məqalələrin 13-ü Q1 və 13-ü Q2 kvartilli jurnallardadır. Bunlardan  Polyhedron,  Journal of Molecular Structure , Journal of Chemical Thermodynamics, Journal of Materials Science, Solid State Communications, Journal of Alloys and Compounds, Chemical Thermodynamics and Thermal Analysis, Journal of Electrochemical Science and Engineering və s. kimi Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 7 patent almış, patent almaq üçün 2 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınmışdır.  Cari ildə institutda 1 qrant çərçivəsində tədqiqatlar davam etdirilərək sona çatmış, 1 layihə isə mobillik qrant müsabiqəsinin qalibi olmuşdur. Alim bildirib ki, institut əməkdaşları tərəfindən il ərzində 15 monoqrafiya, kitab və dərslik nəşr edilmişdir.

2025-cı ilin 11 ayı  ərzində  institutda aparılan tədqiqatların nəticəsi olaraq 153 məqalə (53 Respublika, 100 xarici jurnallarda, 38 - Web of Science, 92- SCOPUS), 215  tezis (onlardan 63 xarici ölkələrdə) çap olunub.

Dövri nəşrlər haqqında danışan alim bildirib ki, institutda 2 elmi jurnal- Azərbaycan Kimya Jurnalı və Kimya Problemləri nəşr olunur. Hər iki jurnal Scopus bazasında indekslənir. Sevindirici haldır ki, bu il hər iki jurnalın impakt faktoru artmışdır (Azərbaycan Kimya Jurnalı – CiteScore 0,7; Kimya problemləri jurnalı – CiteScore1,1).

Kadr hazırlığı məsələsinə toxunan alim qeyd edib ki, institutun doktorantura və dissertanturasında ümumilikdə 49 nəfər təhsil alır (elmlər doktoru elmi dərəcəsi almaq üçün 17 nəfər , fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 32).  

Cari ildə institutun təşkilatçılığı ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun yaradılmasının 90 illik, akademik Toğruı Şahtaxtinskinin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Beynəlxalq elmi əlaqələrdən danışan alim bildirib ki, 2025-ci ildə institutun əməkdaşları xarici ölkələrdə (Almaniya, Pakistan, Belçika, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan, Çin Xalq Respublikası) 15 elmi ezamiyyətdə olublar.

Elmlə təhsiliin inteqrasiya məsələlərindən danışan natiq bildirib ki, institutda Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya və Fiziki və Kolloid Kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası  kafedrasının filialları fəaliyyət göstərir. Eyni zamanda il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavr və magistrləri institutda təcrübə keçiblər.

İnstitutun 26 əməkdaşı Elm Təhsil Nazirliyinin 2025 ci il üzrə  elmi iş müəlliflərinin müəllif balının hesablanması qaydasına və 2019-2024 cü illəri əhatə edən məqalələrin elmmetrik göstəricilərinə əsasən A, B, C kateqoriyaları üzrə mükafatlandırılıblar.

Sonra məruzə ətrafında müzakirələr olub, suallar cavablandırılıb, təkliflər söylənilib.

İclasa yekun vuran akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: