Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2025 11:28
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda” adlı tədbir keçirilib

Əlyazmalar İnstitutunda “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda” adlı tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyi, institutun YAP ərazi təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “2025-ci il - Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan dövlətçiliyi klassik qaynaqlarda” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açıb. Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm siyasi əhəmiyyət daşıdığını vurğulayan alim bu qərarın milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkə başçısının Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlı imzaladığı bu sərəncam xalqımızın və dövlətimizin konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə və mirasına, keçmişin nailiyyətlərinə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir.

Tədbirdə institutun Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix e.d., dosent Tahirə Həsənzadənin “Əlyazmalarımız Azərbaycan tarixi haqqında”, Elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin “Konstitusiya və suverenlik: Azərbaycan dövlətçiliyinin tarixi-hüquqi inkişafı”, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimovanın “Konstitusiya, suverenlik və qadın hüquqları: hüquqi və sosial baxış”, Biblioqrafiya şöbəsinin böyük laborantı Nəsibə Murtuzayevanın ““Konstitusiya və Suverenlik İli”nin müstəqil Azərbaycan tarixindəki izi” mövzularında məruzələri dinlənilib.

Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Aybəniz Rəhimova və elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov məruzə ətrafında çıxışlarında ölkəmizin qədim və zəngin dövlətçilik tarixinə nəzər salıb, konstitusiya və suverenlik kimi mühüm amillərin Azərbaycanın müasir dövlət quruculuğunda ayrılmaz dəyərlər olaraq çıxış etdiyini vurğulayıblar.

Tədbir çərçivəsində institut Kitabxanasının “2025-ci il - Konstitusiya və Suverenlik İli” ilə bağlı hazırladığı video-slayd nümayiş olunub. İştirakçılar institutun Ekspozisiya zalında Əlyazmaların elmi-ekspozisiyası və təqdimi şöbəsinin mövzuya uyğun təşkil etdiyi sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: