AMEA-nın Şəki Regional Elmi Mərkəzində (REM) Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Şəki REM-in direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ictimaiyyətə təqdim olunan kitabın elmi əhəmiyyətini qeyd edib. O, nəşrin təqdimatının Mərkəzdə keçirilməsinin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, suverenlik ideyasının elmi-hüquqi əsaslarla təbliği, müasir siyasi proseslərin dəyərləndirilməsi istiqamətində aparılan araşdırmaların region alimləri ilə bölüşdürülməsi, eləcə də elmi müzakirə mühitinin genişləndirilməsi məqsədi daşıdığını bildirib.
Sonra kitabın müəllifi hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev çıxış edərək nəşrin məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, əsər 33 fəsildən ibarətdir və tədqiqat üç əsas istiqamət üzrə aparılıb. Kitabda Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətləri, çıxışları və müsahibələri hər üç istiqamət üzrə sistemli şəkildə təhlillər əsasında aparılıb.
Vəfaddin İbayev vurğulayıb ki, kitabda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdükləri ideyalar geniş təhlil olunub, bu kontekstdə ordu quruculuğu, vətənpərvərlik ruhunun gücləndirilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi və digər strateji məsələlərin reallaşdırılması ilə bağlı faktlar elmi əsaslarla diqqətə çatdırılıb.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov belə uğurlu bir əsərin ərsəyə gəlməsinə görə müəllifə təşəkkürünü bildirib və kitabda yer alan maraqlı məqamlara diqqət çəkib. Bildirib ki, kitabın hazırlanması zamanı istifadə olunan zəngin ədəbiyyat müəllifin mövzu üzrə geniş dünyagörüşə, dərin biliklərə malik olmasının və araşdırmaya son dərəcə diqqətli yanaşmasının bariz göstəricisidir.
Rahim Həsənov əlavə edib ki, əsərdə qədim və orta əsrlər tarixinə dair nümunələrlə yanaşı, Hitler Almaniyasının destruktiv mövqeyindən də faktlar təqdim olunur. Bununla yanaşı, dünya siyasi nəhəngi Uinston Çörçilin, Çin müdriki Sun Tsunun fikirlərindən gətirilən sitatlar mövzunun elmi dərinliyini daha da artırır. Kitabda tarixçilərdən, siyasətçilərdən, ədəbiyyatçılardan, eləcə də dini mənbələrdən gətirilən nümunələr əsasında aparılan təhlillər məsələnin çoxşaxəli yanaşma ilə izah olunmasına imkan verir.
Rahim Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışları ali məzmun daşıyır və müzakirə olunmazdır, lakin bu kitab həmin çıxışların geniş ictimaiyyətə daha dolğun şəkildə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi t.ü.f.d. Akif Məmmədli “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının yalnız elmi araşdırma deyil, həm də ideoloji, siyasi və tarixi baxımdan ölkəmizin suverenlik yolunun çoxşaxəli mənzərəsini təqdim edən dəyərli bir mənbə olduğunu vurğulayıb. O, kitabda həm klassik, həm də müasir siyasi hadisələr arasındakı paralellərin ustalıqla göstərilməsinin, müxtəlif fəlsəfi yanaşmaların və tarixi nümunələrin təhlilə cəlb edilməsinin müəllifin mövzuya geniş miqyasda baxışının göstəricisi olduğunu nəzərə çatdırıb.
Şəki REM-in Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov isə çıxışında nəşrdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında formalaşmış milli ideologiyanın 44 günlük Vətən müharibəsində öz real nəticələrini verməsinin elmi əsaslarla izah olunduğunu şərh edib. Elşən Abdurahmanov kitabın tarixçilər, hüquqşünaslar, həm də ictimai-siyasi proseslərlə maraqlanan oxucular üçün sanballı elmi mənbə rolunu oynayacağını söyləyib.
Sonda Vəfaddin İbayevin müəllifi olduğu kitablar Şəki Regional Elmi Mərkəzin kitabxanasına, Şəki REM-in nəşri olan kitablar isə Hüquq və İnsan Haqları İnstitutunun kitabxanasına hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.