Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində “İngilis, Rus və Azərbaycan Dillərində Nüvə Enerjisi Terminləri Lüğəti” kitabının təqdimat mərasimi baş tutub. Lüğətin müəllifləri - filologiya üzrə elmlər doktoru, dosent Nərgiz Hacıyeva və AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nigar Sadıqova - kitabın hazırlanması prosesindən, istifadə edilən beynəlxalq və yerli mənbələrdən, həmçinin nüvə sahəsində terminoloji unifikasiyanın əhəmiyyətindən danışıb.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda nüvə energetikasının inkişafı ilə bağlı strateji planlar bu sahədə vahid terminoloji sistemin yaradılmasını tələb edir. 1937 termini əhatə edən lüğət bu ehtiyacı qarşılamaqla yanaşı, dövlət sənədlərində, texniki normativlərdə və təhlükəsizlik standartlarında istifadə edilən terminlərin dəqiq və unifikasiya olunmuş şəkildə tətbiqini təmin edəcək.
Tədbir iştirakçıları lüğətin elmi ictimaiyyət, tədqiqatçılar və enerji sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün mühüm vəsait olduğunu vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.