Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.12.2025 12:50
  • A-
  • A
  • A+

Fizika İnstitutunda akademik Firudin Həşimzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Fizika İnstitutunda akademik Firudin Həşimzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Azərbaycanın görkəmli alimi, tanınmış fizik, akademik Firudin Həşimzadənin 90 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov çıxış edərək tədbir iştirakçılarına görkəmli alim, akademik Firudin Həşimzadə haqqında ətraflı məlumat verib. O, Firudin Həşimzadənin Azərbaycan elminin inkişafında oynadığı mühüm rolu, onun elmi irsinin bu gün də müxtəlif sahələr üçün dəyərli mənbə olduğunu qeyd edib. Arif Həşimov akademik Firudin Həşimzadənin çoxillik fəaliyyəti, yetişdirdiyi kadrlar və elmi məktəbinin xüsusi əhəmiyyətini vurğulayıb.

Ardınca söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyevaya verilib. Səlimə Mehdiyeva akademik Firudin Həşimzadənin həyat yolu və çoxşaxəli elmi fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. O, məruzəsində Firudin Həşimzadənin həm Azərbaycan elminin inkişafında, həm də ölkədə elmi mühitin formalaşmasında oynadığı mühüm rolu xüsusi vurğulayıb.

Tədbirdə institut əməkdaşları akademik Cavad Abdinov, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev və fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev sessiya çərçivəsində çıxış edərək bildiriblər ki, akademik Firudin Həşimzadənin elmi yaradıcılığı yalnız geniş araşdırma spektri ilə deyil, həm də elmi yeniliklərə verdiyi töhfələrlə seçilir. Alimin uzun illər ərzində apardığı fundamental tədqiqatlar müxtəlif istiqamətlərdə yeni elmi nəticələrin əldə olunmasına səbəb olmuş, onun elmi ideyaları bu gün də aktual olaraq elmi ictimaiyyət tərəfindən istifadə edilməkdədir. Əməkdaşlar akademik Firudin Həşimzadənin yüksək insani keyfiyyətlərindən, elmə bağlılığından, intellektual zənginliyindən və Azərbaycan elmi qarşısında göstərdiyi xidmətlərdən söz açaraq, onun həyat və fəaliyyətinin gələcək nəsil tədqiqatçılar üçün örnək olduğunu bildirib.

Tədbirdə ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri, tanınmış alimlər, gənc tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlardan AMEA-nın müxbir üzvü İslam Mustafayev, Meksika Milli Muxtar Universitetinin professoru, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Natiq Atakişiyev, Bakı Dövlət Universitetindən fizika-riyaziyyat elmləri doktoru, professor Taryel İsmayılov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Salmanov çıxış edib. Sessiyada çıxış edən natiqlər akademik Firudin Həşimzadənin Azərbaycan elminin inkişafında oynadığı mühüm roldan, onun fizikaya dair fundamental araşdırmalarından və çoxillik elmi-pedaqoji fəaliyyətindən danışıblar. Məruzəçilər akademikin pedaqoji fəaliyyətinə toxunaraq, akademik Firudin Həşimzadənin alim, yüzlərlə tələbə və gənc tədqiqatçının yetişməsində və formalaşmasında əvəzsiz rol oynadığını qeyd edib. Onun yaratdığı elmi məktəbin bu gün də uğurla fəaliyyət göstərdiyini və ölkənin intellektual potensialının gücləndirilməsinə davamlı şəkildə töhfə verdiyini vurğulayıb.

Elmi sessiyada akademik Firudin Həşimzadənin həyat yolu və elmi fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda akademik Firudin Həşimzadənin övladı Nərgiz Həşimzadə çıxış edərək atasının 90 illik yubileyinə həsr olunmuş elmi sessiyanın təşkil olunmasına görə Fizika İnstitutunun rəhbərliyinə və natiqlərə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: