Azərbaycan kimya elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, AMEA-nın müxbir üzvü, kimya elmlər doktoru, professor Bəxtiyar Məmmədovun 75 yaşı tamam olur.
Bəxtiyar Məmmədov 1 yanvar 1951-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1974-cü illərdə zabit kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bəxtiyar Məmmədov əmək fəaliyyətinə 1974-cü ildə Sumqayıt Kimya Sənaye Birliyində başlamışdır.
1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olmuş, 1978-ci ildən indiki Polimer Materialları İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifələrində işləmişdir. 1980-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda “p-Benzoxinonun qələvi iştirakında anion polimerləşməsi prosesinin və məhsullarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildən Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmağa başlamışdır. O, 1994-cü ildə “Makroaroksil radikalları. Sintez qanunauyğunluqları, quruluşu, xassələri və istifadə yolları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 2010-cu ildə professor elmi adı almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Alim 2016-cı ildən Polimer Materialları İnstitutunun direktoru vəzifəsində çalışır.
Bəxtiyar Məmmədovun elmi yaradıcılığında xinonların termiki, kation və anion polimerləşməsi və bir sıra vinil monomerləri ilə birgəpolimerləşməsi, fenolların, difenolların, naftolların və aromatik aminlərin oksidləşmə homo- və birgəpolikondensləşməsi reaksiyalarının kinetik qanunauyğunluqlarının və məhsullarının tədqiqi, bu reaksiyaların elmi əsaslarının işlənib hazırlanması və mexanizminin müəyyən olunması, aromatik qoşulmuş əlaqələr sistemli polifunksional reaksiyayaqabil yüksəkmolekullu birləşmələr kimyasının inkişaf etdirilməsi əsas yer tutur. Alim tərəfindən sintez olunmuş oksiarilen manqaları saxlayan homo- və birgəoliqomerlərin oksidləşmə reaksiyaları da geniş tədqiq olunmuş və stabil makroaroksil radikallarının alınmasının sadə və səmərəli üsulları yaradılmışdır. Makroaroksil radikallarının paramaqnit və elektrikkeçirmə xassələri arasında asılılıq aşkar edilmişdir. Göstərilmişdir ki, bu sistemlərdə radikal mərkəzlərin qatılığı Fermi səviyyəsi yaxınlığında lokallaşmış yükdaşıyıcı mərkəzlərin miqdarını müəyyən edir.
Bəxtiyar Məmmədov sənaye istehsalı olan termoplastların, termoelastomerlərin, qatranların və elastomerlərin kimyəvi modifikasıyası və kompozisiyalarının, o cümlədən nanokompozisiyalarının alınması sahəsində də tədqiqatlar aparmış, yeni yüksək istiliyə davamlılıq, mexaniki möhkəmlik və antistatik göstəricilərə malik polimer materialların səmərəli alınma üsullarını işləyib hazırlamışdır. Hal-hazırda tərkibində həm amin, həm də hidroksil qrupları saxlayan qoşulmuş əlaqələr sistemli polifunksional oliqooksiarilenlərin, oliqoaminooksiarilenlərin yeni nümayəndələrinin alınması, tərkibinin, quruluşunun, xassələrinin və tətbiq imkanlarının müəyyən edilməsi, belə tip oliqomerlərin və sənaye polmerlərinin əsasında yüksək istismar göstəricilərinə malik kompozisiyaların, o cümlədən nanokompozisiyaların yaradılması istiqamətində elmi-tədqiqat işlərini davam etdirir.
Bəxtiyar Məmmədov Ukrayna Elm və Teхnоlоgiya Mərkəzi, Belarus Milli Elmlər Akademiyasının Metalpolimer Sistemlərin Mexanikası İnstitutu ilə birgə elmi layihələrin və SOCAR-ın “Elm Fondu”nun qrant layihəsinin yerinə yetirilməsində iştirak etmiş, bu layihələrdən ikisinə rəhbərlik etmişdir.
Ömrünü elmə və gənc nəslin elmi biliklərə yiyələnməsinə həsr edən alimin fəaliyyətində elmi kadrların hazırlanması xüsusi yer tutur. Onun rəhbərliyi altında 13 fəlsəfə doktoru və 1 magistr dissertasiyası müdafiə edilmişdir. Hal-hazırda Bəxtiyar Məmmədov 1 doktorantın elmi rəhbəri və 4 dissertantın elmi məsləhətçisidir. 5 fəlsəfə və 5 elmlər doktorluğu dissertasiyalarının yerinə yetirilməsinə rəhbərlik edir. Bəxtiyar Məmmədovun və onun rəhbərlik etdiyi məktəbin əsas elmi istiqaməti qoşulmuş əlaqələr sistemli polifunksioanal yeni bio- və elektroaktiv oliqo- və birgəoliqomerlərin sintezi, sənaye polimerlərinin modifikasiyası və kompleks dəyərli xassələrə malik materialların, o cümlədən elektrotexnika və mikroelektronikada istifadə olunan çoxlaylı polimer dielektriklərin, bioaktiv və elektrikkeçirici polimer kompozisiyaların yaradılmasından ibarətdir.
Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun Elmi şurasının sədri və eyni zamanda Kimya üzrə Problem şurasının üzvüdür. O, 1996-2014-cü illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü, 2015-ci ildən isə Polimer Materialları İnstitutu nəzdində yaradılmış kimya üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən D.01.251 Dissertasiya Şurasının sədri olmuşdur. O, eyni zamanda 2020-ci ildən akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuş və 2025-ci ildən Kimya Elmləri Bölməsinin Elmi şurasının üzvüdür.
Alim “Azərbaycan Kimya Jurnalı”nın və Belarus Milli Elmlər Akademiyasının Metalpolimer Sistemlərin Mexanikası İnstitutu nəzdində nəşr olunan “Polymer materials and technologies” jurnallarının Redaksiya Heyətinin üzvü kimi fəaliyyət göstərir.
Tanınmış alimin elmi yaradıcılığının nəticələri 480-dən çox elmi əsərdə, o cümlədən 6 monoqrafiya, 12 ixtira və 4 Azərbaycan Respublikası və 1 Avrasiya patentində öz əksini tapmışdır. Onun əsərləri keçmiş ittifaqda, İngiltərə, İslandiya, Almaniya, İsrail, İran, Türkiyə, İtaliya, Ukrayna, Gürcüstan, Rusiya Federasiyası və Belarusda nəşr olunan nüfuzlu elmi jurnallarda, bu ölkələrdə keçirilən beynəlxalq konfrans və simpozium materiallarında nəşr edilmişdir.
Alim 2012-ci ildə ABŞ-ın Thomson Reuters Araşdırma Mərkəzinin və Azərbaycan İnformasiya və Texnologiyalar Nazirliyinin birlikdə apardıqları araşdırmalar nəticəsində 20 ildə elmi əsərlərinə nüfuzlu elmi jurnallarda və monoqrafiyalarda edilən istinadlara görə Thomson Reuters Mərkəzinin Fəxri fərmanı və mükafatına, 2015-ci ildə Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yüksəkmolekullu birləşmələr kimyası, sənaye istehsalı olan termoplastların tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin neft-kimya tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına, 2016-cı ildə kimya elmi sahəsində uzunmüddətli elmi nailiyyətləri və səmərəli fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq, Heydər Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” ali media mükafatına, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə görə “Parlamentinsəsi.tv internet televiziyası” tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən “Şərəfli ömür” fəxri diplomuna, 2019-cu ildə “Parlamentinsəsi.az” xəbər portalının sorğusunun nəticələrinə əsasən “Şərəfli ömür” media fəxri diplomuna layiq görülmüşdür.
Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “III dərəcəli Vətənə xidmət” ordeni və AMEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.
Görkəmli alim, nümunəvi ziyalı, yüksək insani dəyərlərə malik dəyərli rəhbər Bəxtiyar müəllimi 75 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm sağlamlıq və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.