AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edərək bildirib ki, ötən il “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərib.
Natiq vurğulayıb ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.
Məruzədə diqqətə çatdırılıb ki, təsdiq olunmuş sözlüyə əsasən, “Heydər Əliyev Ensiklopediyası”nda Ümummilli Liderin Azərbaycanın dövlət strukturunun və dövlət rəmzlərinin formalaşmasında, Konstitusiyanın hazırlanmasında, ordu quruculuğunda və milli təhlükəsizliyin yaradılmasında olan xidmətləri, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyi fəaliyyətin tarixi icmalı, cəmiyyətdəki ideologiyanın Azərbaycançılıq, insanpərvərlik və demokratiyaya istiqamətləndirilməsi üçün gördüyü işlər, habelə xarici dövlətlər və təşkilatlarla əlaqələrin qurulmasında və inkişafında, xalqın sosial durumunun və ölkənin iqtisadiyyatının yaxşılaşdırılmasında, orta və ali təhsilin təşkilində və inkişafında, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, respublikada yeni klinikaların istifadəyə verilməsində, ölkədə olimpiya hərəkatının yaranmasında uğurlu fəaliyyəti, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin, bədii yaradıcılığın, muzey işinin, tarixi memarlıq qoruqlarının yaradılmasında və inkişafında, təbii sərvətlərimizin öyrənilməsinin və səmərəli istifadəsinin təşkilində misilsiz xidmətləri və s. əksini tapacaq.
Məruzəçi qeyd edib ki, “Heydər Əliyev Ensiklopediyası”na daxil ediləcək 800-ə qədər məqalənin ilkin variantı yazılıb, bunlardan 300-dən artıq məqalə hesabat ilində redaktə olunub və hazırda qalan məqalələr redaktə edilir.
Həmçinin vurğulanıb ki, 2025-ci ildə Elmi Mərkəzin sahə redaksiyaları tərəfindən hazırlanmış Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi çapdan çıxıb. Bu cild “Hindistanda xalq üsyanı” məqaləsi ilə başlayıb “İqdam” məqaləsi ilə tamamlanır.
Eyni zamanda Mərkəzin sahələr üzrə elmi redaksiyaları Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin variantını hazırlayaraq, redaktə üçün humanitar və təbiyyat elmləri üzrə müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil veriblər. Hesabat ili ərzində çoxcildli Azərbaycan Milli Ensiklopediyasının növbəti cildinə daxil edilmək üçün bütün elmi redaksiyaların hazırladığı məqalələrin ümumi sayı 2313 olub. Məqalələrin ilkin redaksiya variantları hazırlanaraq “Komplektləşdirmə, Texniki Tərtibat və Korrektura” şöbəsinə təhvil verilib və buradan redaktə olıunmaq üçün müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına yönəldilib. İl ərzində “Humanitar elmlər üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya” və “Təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya” redaksiyalarında Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə daxil ediləcək 1367 məqalə yoxlanılıb redaktə edilmişdir.
Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.