AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı – tarixin silinməz yaddaşı” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Yığıncağı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə Azərbaycan tarixinə ən dəhşətli faciə kimi yazılan Xocalı faciəsinin hər il xalqımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən dərin kədər hissi ilə anıldığını qeyd edib.
Lakin 2020-ci il Vətən müharibəsinin Zəfərlə başa çatması ilə əlaqədar son illər Xocalı faciəsinin fərqli çəkildə qeyd olunduğunu deyib. Xocalı soyqırımı təkcə xalqımızın başına gətirilən dəhşətli faciə deyil, eyni zamanda qələbəmizə gedən yolda xalqımızın düşmənə qarşı nümayiş etdirdiyi cəsarət, barışmazlıq və səfərbərlik anlamını təcəssüm etdirdiyini söyləyib.
Qeyd olunub ki, bu il 35 illiyini qeyd etdiyimiz müstəqilliyimiz və Vətən müharibəsində qazandığımız Böyük Zəfər yaxın keçmişdə Azərbaycanda baş verən faciəli hadisələr zamanı tökülən qanlar bahasına başa gəlib. Bununla belə, Azərbaycanın şanlı Zəfəri ilə şəhidlərimizin qanı yerdə qalmayıb.
Hazırda işğaldan azad olan torpaqlarımızda gedən böyük quruculuq işləri həm infrastrukturun, eyni zamanda həyatın bərpa olunduğunu əks etdirdiyini söyləyən institut rəhbəri ötən il AMEA Rəyasət Heyəti üzvləri və direktorların Xankəndiyə səfəri zamanı bölgədə şahid olduqları canlanma və bərpanı xatırladıb.
Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən zəruru addımlar atıldiğını xüsusi qeyd edən institut rəhbəri Bakıda və həmçinin respublikamızın bölgələrində xatirə kompleksləri və abidələrin ucaldıldığını söyləyib.
Sonra Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Oksana Məmmədova “Milli faciənin vizual təcəssümü: Reza Deqatinin fotolarının rolu” adlı məruzə ilə cıxış edib. İllüstrasiyalı mətbuatın yaranması və inkişaf etdirilməsinin cəmiyyətdə baş verən tarixi və mədəni proseslərlə ayrılmaz şəkildə bağlı olduğunu söyləyib. Fotoqrafiyanın rəssamlıq sənətində reallığa yeni münasibət forması ifadə etdiyini deyən məruzəçi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vizual materialların rolu olduğunu qeyd edib. Millətindən və dilindən asılı olmayaraq fotoqrafiyanın bütün dünya insanları üçün anlaşılan olduğunu deyib.
Məruzəçi əslən Cənubi Azərbaycanın Təbriz şəhərindən olan hazırda Fransada yaşayan dünya şöhrətli fotojurnalist Reza Deqatinin 20 Yanvar hadisələrinə və Xocalı faciəsinə həsr edilən fotomateriallarda hər iki hadisənin insanlara verdiyi əzab və məhrumiyyətlərin nümayiş etdirildiyindən bəhs edib. O, Reza Deqatinin 60 ilə yaxın məşğul olduğu fotoqrafiya sənətindən danışıb, eləcə də onun BMT və UNESCO kimi beynəlxalq qurumlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Tədbirdə “Xocalı mövzusu bəstəkar yaradıcılığında” mövzusunda məruzə ilə çıxış edən institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Əminə Məmmədova bəstəkarların da həmçinin Xocalı soyqırımına biganə qalmadığını qeyd edib. Bu mövzuda müxtəlif janrlarda çoxlu sayda musiqi əsəri bəstələndiyini, bu ümumxalq faciəni qəlbində daşıyan bəstəkarlarımızın öz daxili emosiyalarını musiqi ilə ifadə etdiyini söyləyib. Azərbaycan bəstəkarlarından Azər Rzayev, Azər Dadaşov, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Sevda İbrahimova, Aqşin Əlizadə, Ruhəngiz Qasımova və başqalarının bu mövzuda yazdığı əsərlərdə xalqın acı və ağrısını musiqi ilə ifadə etdiyini bildirib.
Gənc tədqiqatçı Xocalı faciəsinin Azərbaycan bəstəkarları ilə yanaşı xarici ölkə bəstəkarlarının da diqqətindən kənarda qalmadığını qeyd edib.
Məruzəçi bu dəhşətli soyqırıma həsr olunan rus və fransız bəstəkarlarının əsərlərindən də bəhs edib. Müasir rus bəstəkarı Aleksandr Çaykovskinin “Xocalı” rekviyemi və fransız bəstəkarı Pier Tiloyun “Xocalı 613” əsərindən danışıb. Qeyd olunub ki, Xəyyam Mirzəzadə yaradıcılığından bəhrələnən Pier Tiloy “Laçın” və “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnılarını “Xocalı 613” simfonik əsərinə daxil edib.
Çıxışının sonunda 2012-ci il 7 avqust tarixində IV Qəbələ Musiqi Festivalında səslənən fransız bəstəkarı Pier Tilloyun “Xocalı-613” kvartetindən parçalar səslənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.