Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə faciə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq Xocalı faciəsi ilə bağlı geniş məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə qısa müddətdə sabitlik və inkişaf təmin olunub, ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qələbə qazanaraq şəhidlərin qisasını alıb.
Çıxış zamanı hazırda Qarabağ bölgəsində genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyi, dağıdılmış şəhər və kəndlərin yenidən salındığı, infrastruktur layihələrinin icra olunduğu və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıtdığı diqqətə çatdırılıb.
Sonra institutun əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.