AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da elektron səhiyyənin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi, tibb işçiləri və pasiyentlərin İKT-nin imkanlarından istifadə etməklə ən son tibbi məlumatları əldə etmələrinin təmin olunması, hər kəs üçün vaxtında, əlçatan və effektiv tibbi xidmətin inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi öz əksini tapmışdır.
Bu məqsədlə tibbi personalın və tibb müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, elektron sağlamlıq kartı sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə təmin olunması, tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə əlaqələndirilməsi, eləcə də ümumi istifadə üçün tibbi resursların yaradılması, tibb işçilərinin İKT biliklərinin artırılmasının stimullaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və vətəndaşların inkişafı üçün səmərəli istifadə, əhaliyə təhsil, səhiyyə və digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini hədəfləyən Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün müvafiq sahələr üzrə fundamental tədqiqatların aparılması, müasir vəziyyətin və mövcud problemlərin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və s. zəruridir. Bu baxımdan mayın 24-də AMEA Rəyasət Heyəti, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı mühüm əhəmiyyətə malikdir.
Aprelin 19-da Azərbaycan Tibb Universitetində elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfransa hazırlıq məqsədilə dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri iştirak edirdilər.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbir iştirakçılarını Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi adından salamladı.
“Hazırda ölkədə İKT-nin bütün sahələrə geniş tətbiqi istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində Elektron Azərbaycan formalaşır, onun ayrı-ayrı seqmentləri (e-elm, e-təhsil və s.) meydana çıxır. Bunlardan biri də elektron səhiyyədir”, – deyə bildirən alim elektron tibbin elmi-nəzəri problemlərinin araşdırılmasının Azərbaycan elminin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırdı.
R.Əliquliyev bildirdi ki, e-tibb XXI əsrin ən perspektivli sahələrindən biridir və müasir informasiya cəmiyyətinin aparıcı ölkələrinin mühüm nailiyyətləri məhz bu sahə ilə bağlıdır. Müasir dövrdə Azərbaycan elminin əsas elmi istiqamətlərindən biri kimi e-tibbin müxtəlif problemlərinə diqqətin artırılmasına ehtiyac vardır. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk respublika elmi-praktiki konfransının keçirilməsi haqqında qərar qəbul etmişdir.
Akademikin sözlərinə görə, konfransın əsas məqsədi respublikada tibb və İKT sahələrində fəaliyyət göstərən elm və təhsil müəssisələrində aparılan tədqiqatların sistemləşdirilməsi, mövcud problemlərin həlli üçün birgə əməkdaşlıq, eləcə də informasiya cəmiyyəti kontekstində e-tibbin çoxaspektli problemlərinin elmi ictimaiyyətə çatdırılmasıdır.
“Dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı tibdə informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bu baxımdan ekspert sistemlərin yaradılması, tibbi biliklərin tədrisi, tibbi informatikanın məzmununun müasir çağırışlara uyğunlaşdırılması, hər gün istehsal olunan informasiyanın toplanması, saxlanması, analiz olunması, qeyri-aşkar biliklərin meydana çıxarılması, konsaltinq xidmətləri göstərən sistemlərin yaradılması istiqamətində mühüm addımlar atılmalıdır”.
R.Əliquliyev konfransda 2 istiqamət – tibbin İKT problemləri və İKT-nin yaratdığı tibbi problemlər üzrə bir sıra mühüm məsələlərin müzakirə olunacağını bildirdi. Qeyd etdi ki, tibbin İKT problemlərinin araşdırılması qərarların qəbul edilməsi və düzgün müalicənin aparılmasında mühüm rol oynayır. İKT-nin müsbət cəhətləri ilə yanaşı, mənfi tərəflərinə də diqqət yetirmək vacibdir. Belə ki, bu gün İKT cəmiyyətdə psixoloji pozğunluq, göz xəstəlikləri kimi bir sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlərin qarşısının alınması üçün də əsaslı tədqiqatların aparılmasına ehtiyac vardır.
Alim, həmçinin tibdə İKT-nin tərbiqi istiqamətində dünya təcrübəsinin araşdırılması, Ümumdünya Səhiyyə Təşkilatı, BMT kimi nüfuzlu beynəlxalq qurumların bu sahədə qəbul etdiyi bəyannamələrə əsaslanmağın vacibliyini vurğuladı.
Akademik ölkənin müvafiq sahələr üzrə aparıcı alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi. Konfransın elektron tibbin çoxaspektli problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək tibdə İKT-nin tətbiqi ilə bağlı maarifləndirici tədbir və treninqlərin keçirilməsi, ictimaiyyətin bu barədə məlumatlandırılmasının zəruriliyindən söz açdı. Gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, tibb və İKT sahələri üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı.
Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.