Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasının Böyük akt zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın təntənəli açılış mərasimi keçirilib. Konfransda İstanbul Universitetinin Türkoloji Araşdırmalar İnstitutunun müəllimi dosent Muhammed Emin Yıldızlı da məruzəçi qismində iştirak edib. Alim Bakıda təşkil olunan tədbirlər haqqında təəssüratlarını bizimlə bölüşüb.
Bakıya ilk gəlişi olduğunu deyən Muhammed Emin Yıldızlı həm şəhərin görünüşünü, həm də insanların qonaqlara qarşı isti, doğma münasibətini çox bəyəndiyini bildirib: “Bunu da deməliyəm ki, Xəzər dənizini ilk dəfə görəndə yaşadığım hissin sevinc, həyəcan hissi və ya başqa bir hiss olduğunu anlamadım, amma köklərimi hiss etdim və “Bir millət, iki dövlət” sözlərinin mənası mənim üçün daha da artdı”.
Əsasən Türk dünyası diasporunun fəaliyyətləri, türk dili və dil siyasəti, həmçinin türk millətçiliyi ilə bağlı araşdırmalar aparan alim konfransda “Bakı Türkoloji Qurultayına etno-simvolist aspektdən bir baxış” adlı məruzə ilə çıxış edib: “Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyası tanıdığımız bir qurumdur, amma ilk dəfədir ki, belə bir fəaliyyət ətrafında bir araya gəlirik. Həmkarların göstərdiyi maraq və xüsusi diqqət çox aydın görünür. Sizin vasitənizlə Milli Elmlər Akademiyasına bir daha təşəkkür etmək istəyirəm”.
Muhammed Emin Yıldızlı ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib ki, ölkələrimiz arasında əlaqələr xüsusilə Qarabağ müharibəsindən sonra xeyli inkişaf edib. Vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər olduqca mühüm, əhəmiyyətli nailiyyətdir, bu uğur ictimaiyyətdə böyük rezonans doğurub. Alim əlavə edib ki, yaranan reallığı daha da möhkəmləndirmək üçün diaspor təşkilatları birgə fəaliyyət planları hazırlamalı, səylərini daha çox bu istiqamətə yönəltməlidirlər.
Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərində iştirakından məmnunluğunu dilə gətirən Muhammed Emin Yıldızlı 1926-cı il Qurultayına layiq bir proqram hazırladıqlarına görə Yunus Əmrə İnstitutu, AMEA, Xəzər Universiteti və digər təşkilatçılara dərin minnətdarlığını bildirib: “Bu hadisənin ən böyük əhəmiyyəti türkoloqların türk dünyasının gələcəyi ilə bağlı gözləntilərini və ümidlərini artırmasıdır. Bakıda gerçəkləşən bu proqram nümayiş etdirir ki, Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənərək artıq reallığa çevrilməkdədir”.
Nəzmin CƏFƏROVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.