AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda doktorant və dissertantlar üçün t.ü.f.d., dosent Anar Ağalarzadənin “Azərbaycanın cənub-şərq bölgəsinin Son Tunc-Erkən Dəmir dövrü abidələrində qazıntılar” mövzusunda mühazirəsi keçirilib.
Mühazirədə Azərbaycanın cənub-şərq bölgəsinin Son Tunc-Erkən Dəmir dövrü abidələrində son illərdə aparılan arxeoloji qazıntılardan, bu qazıntıların bölgənin qeyd olunan dövr sakinlərinin təsərrüfat həyatı, məişət və mənəvi mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub.
Dosent A.Ağalarzadə 2025-ci ildə Yardımlı rayonu ərazisində aparılmış ən son qazıntılar və bu arxeoloji qazıntılar zamanı üzə çıxan maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Viləşçay yaşayış yerində aşkar olunan çay daşından ev bünövrələri, təsərrüfat quyuları, ocaq yerləri, müxtəlif formalı və ölçülü təsərrüfat küplərinə məxsus fraqmentlər, məişətdə istifadə edilən incə hazırlanmış kiçik ölçülü və ya miniatür qabların qırıqları, sümükdən iy başlıqları və digər təyinatlı əşyalar istehsal təsərrüfatında dulusçuluğun, məişətdə toxuculuğun inkişafını, iri və xırdabuynuzlu mal-qaraya məxsus çoxsaylı osteoloji qalıqların isə maldarlığın geniş yayıldığını və ev təsərrüfatında üstün mövqeyə malik olduğunu göstərir.
Sonda A.Ağalarzadə gənc alimləri maraqlandıran sualları cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.