Martın 6-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev və qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Samir Kərimov AMEA-da, o cümlədən Lənkəran REM-də çalışan bütün qadın əməkdaşları təbrik edib, onların ölkəmizin, eyni zamanda, rayonun ictimai-siyasi, sosial, mədəni və elmi sahəsində rolundan danışıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarının əməyinə verdiyi yüksək dəyərdən, hazırda Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açıb.
Tədbirin moderatoru, Lənkəran REM-in Qadınlar şurasının sədri Fəranə Mikayılova AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin elmi işçisi Gözəl Əlizadənin “Tarix boyu qadın hərəkatı və onun cəmiyyətə təsiri”, Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Nəzrin Əlizadənin “Azərbaycan siyasətində qadınların rolu” mövzusunda məruzələri dinlənilib.
Bildirilib ki, qadın hərəkatı bəşər tarixində sosial bərabərlik, insan hüquqları və demokratiyanın inkişafında mühüm rol oynamış ictimai proseslərdən biridir. Müasir dövrdə qadın hərəkatı daha geniş məna daşıyır. Bu gün qadınlar siyasət, elm, iqtisadiyyat və mədəniyyət sahəsində mühüm nailiyyətlər əldə edirlər. Bir çox ölkələrdə qadınlar dövlət başçısı, nazir və parlament üzvü kimi yüksək vəzifələrdə çalışırlar. Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirərək onların dəyanət və sədaqət rəmzinə çevrildiyini, şəninə dastanlar qoşulduğunu söyləyib, onları dahilər və qəhrəmanlar anası adlandırıb. Hazırda bu siyasəti dönmədən davam və inkişaf etdirən dövlət başçısı İlham Əliyev cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəyini əminliklə söyləyib.
Tədbirdə Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov qadınlara həsr etdiyi şeirini oxuyub. Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova, Lənkəran REM-in Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova və Mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədov bayram təbriklərini bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.