Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev qadın əməkdaşları bayram münasibətilə təbrik edib, onların elmi və ictimai fəaliyyətinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan qadını tarixən milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində xüsusi missiya daşıyıb. Direktor bildirib ki, bu gün Folklor İnstitutunda çalışan qadın alimlər xalq yaradıcılığının toplanması, araşdırılması və nəşri istiqamətində mühüm elmi nəticələr əldə edir, folklorşünaslıq elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Hikmət Quliyev çıxışında Azərbaycan cəmiyyətində qadınların rolunun dövlət səviyyəsində yüksək qiymətləndirildiyini də diqqətə çatdırıb. O, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət idarəçiliyindəki fəaliyyəti və təşəbbüslərinin Azərbaycan qadınının ictimai həyatda daha fəal iştirakına mühüm töhfə verdiyini qeyd edib. Direktor vurğulayıb ki, Mehriban xanım Əliyevanın humanitar və mədəniyyət sahəsində həyata keçirdiyi layihələr milli-mədəni irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır və bu istiqamətdə çalışan alimlər üçün də mühüm stimul yaradır.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova çıxış edərək qadın əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara elmi və şəxsi həyatlarında uğurlar arzulayıb. O qeyd edib ki, Folklor İnstitutunda çalışan qadın tədqiqatçılar elmi araşdırmaların aparılması, eləcə də müxtəlif elmi nəşrlərin hazırlanmasında fəal iştirak edirlər. Afaq Ramazanova vurğulayıb ki, qadın alimlərin əməyi nəticəsində institutda mühüm tədqiqat əsərləri, monoqrafiyalar və folklor topluları ərsəyə gəlir və bu fəaliyyət milli-mədəni irsin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirin sonunda institutun əməkdaşları Leyla Məmmədova, Elnarə Əmirli, Xalidə Məmmədova, Səadət İbrahimli, Cəmilə Novruzova, Rza Xəlilov və Gülsümxanım Hasilova çıxış edərək qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və elmi fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Çıxışlarda Azərbaycan qadınının cəmiyyətin müxtəlif sahələrində, o cümlədən elm və mədəniyyət sahəsində göstərdiyi fəallıq xüsusi vurğulanıb, qadınların milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.