AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzdə çalışan qadın əməkdaşları bayram münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələrdə qadınlar aktiv fəaliyyət göstərirlər. Azərbaycanda tarix boyu da qadına, anaya xüsusi diqqət olduğunu bildirən baş direktor müsəlman Şərqində ilk dəfə olaraq seçki hüququnun da məhz Azərbaycan qadınlarına verildiyini xatırladıb.
Professor Qurban Yetirmişli Azərbaycan qadınlarının cəmiyyətin inkişafında və gələcək nəsillərin formalaşmasında böyük rol oynadıqlarını bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin mədəniyyət, təhsil və səhiyyə sahəsindəki fəaliyyəti haqqında danışan professor Qurban Yetirmişli Azərbaycanın maddi və mənəvi sərvətlərinin qorunmasında və dünyaya tanıdılmasında Mehriban xanım Əliyevanın böyük əməyinin olduğunu deyib.
Daha sonra mərkəzin Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara hədiyyələr təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.