AMEA-nın Gəncə Bölməsində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbiri açan Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev sözügedən elm ocağında çalışan qadın əməkdaşları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
O, ölkəmizin, o cümlədən onun ikinci şəhəri olan Gəncənin elm, təhsil, mədəniyyət və içtimai-siyasi həyatında qadınların fəal rolunu, qazandıqları uğurları qeyd edərək, Azərbaycanda tərəqqipərvər qadın siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən bu xəttin uğurla davam etdirildiyini bildirib.
Akademik Fuad Əliyev həmçinin Azərbaycan xalqının milli-mədəni irsinin qorunması və öyrənilməsində, xalqımızın dərin köklərə malik incəsənətinin və mədəniyyətinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin örnək kimi qəbul edildiyini vurğulayaraq, onun gördüyü işlərin təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirildiyini bildirib.
Akademik Fuad Əliyev Gəncə Bölməsində nəşr olunan elmi kitabların əsəyə gəlməsində qadın əməkdaşların tədqiqat və yaradıcı əməyini xüsusi qeyd edərək, Gəncə elmi ictimaiyyəti, ziyalılar adından onlara dərin minnətdarlıq hisslərini çatdırıb.
Gəncə Bölməsinin Elmi işlər üzrə sədr müavini Əlimuxtar Muxtarov, Ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev, Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva da çıxış edərək, qadın həmkarlara təbriklərini, həyatda, ailədə, elmi fəaliyyətdə böyük uğur diləklərini çatdırıblar.
Tədbirdə Bölmənin rəhbərliyi və Həmkarlar Təşkilatınınnın təşəbbüsü ilə qadın əməkdaşların hər birinə bahar rəmzi kimi gül-çiçəkli dübçəklər hədiyyə olunub. Elmi və ictimai fəaliyyətlərindəki uğurlara görə bir qrup qadın əməkdaşa təşəkkürnamə və fəxri fərmanlar da təqdim edilib, gül dəstələri verilib.
Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir çərçivəsində Bölmənin Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Fərhad Mirzəyev tərəfindən hazırlanmış maraqlı və innovativ təqdimat da olub. Görkəmli şairə, Azərbaycan qadınının hələ qədim dövrlərdən zəka və qabaqcıllıq simvolu olmuş Məhsəti Gəncəvinin obrazının süni intellekt alətlərinin köməyi ilə canlandırıldığı “Məhsəti – qədimdən bu günə elmi çağırış” adlı qısa film nümayiş etdirilib. Burada qabaqcıl texnologiyalarından istifadə olunaraq Məhsəti Gəncəvinin tarixi irsi, qadınların elm və mədəniyyətdə rolu, həmçinin qədim dövrdən müasir dövrə qədər bilik və yaradıcılıq ənənələrinin davamlılığı bədii şəkildə göstərilib. Təqdimat iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.