Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2026 11:14
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Dərnəyinin növbəti təqdimat iclası

Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji Dərnəyinin növbəti təqdimat iclası

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Arxeoloji Dərnəyin təqdimat iclası və 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə tarix elmləri doktoru, institutun Elmi işlər üzrə direktor müavini Zaur Həsənov, Məhkəmə arxeologiyası şöbəsinin elmi işçisi doktorant Arif Quliyev, Dəmir dövrü arxeologiyası şöbəsinin elmi işçisi Nərmin Məmmədli, Antropologiya Mərkəzinin elmi işçisi və Ankara Universitetinin doktorantı Ülkər Allahverdiyeva, həmçinin Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini və elmi işçi Vüsalə Beydullazadə iştirak ediblər.

Tədbirin açılış mərasimində moderator qismində çıxış edən institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov tədbirin mahiyyəti və mövzunun aktuallığı barədə iştirakçılara məlumat verib. O, çıxışı zamanı arxeoloji tədqiqatların həm elmi prinsiplər əsasında həyata keçirilməsinin, həm də əldə olunan nəticələrin cəmiyyətə düzgün və elmi əsaslarla təqdim edilməsinin vacibliyini vurğulayıb. Daha sonra dərnəyin sədr müavini Gülyaz Rəcəbova iştirakçıları salamlayaraq Arxeoloji Dərnək haqqında qısa məlumat verib. Dərnəyin sədri Könül İbrahimli isə Arxeoloji Dərnəyin həyata keçirdiyi layihələri təqdim edib.

Təqdimat zamanı Dərnəyin katibi Nəzrin Quliyeva və idarə heyətinin üzvü Leyla Xalıqova “ArxeoKid” layihəsini, idarə heyətinin üzvü və sərgi qrupunun koordinatoru Mətanət Teymurlu “Keçmişin sədası” layihəsini, Dərnəyin üzvü Özləm Yusifova “Keçmişə səyahət: qazıntı maketi” layihəsini, idarə heyətinin üzvü Aygün Yusifova “Gənclərin izi ilə arxeologiya” layihəsini, media qrupunun koordinatoru Saləddin Qoçuzadə isə “Heritage 360: Qarabağ” layihəsini təqdim ediblər.

Bütün təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb, layihələrin əhəmiyyəti və tətbiq imkanları ilə bağlı əhatəli müzakirələr aparılmışdır. Tədbiri Arxeoloji Dərnəyin üzvlərinə və arxeologiya ilə maraqlanan gənclərə tövsiyə məzmunlu çıxışla Zaur Həsənov yekunlaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: