Könlümdən bir hiss, bir duyğu keçir: Keşkə, dünyamızı elə çiçəklər kəməndə salaydı. Bu ilki Müqəddəs Ramazan və Novruz bayramı üst-üstə düşür. Ulu Öndər Heydər Əliyev qeyd edirdi: “İslamın Allah-təala tərəfindən bəşəriyyət üçün din olaraq seçildiyi və onun müqəddəs kitabı “Qurani-Kərim”in nazil edildiyi Ramazan ayı dünya xalqlarının mənəviyyatı tarixinə böyük təsir göstərmiş mübarək aylardan biridir. Sülhün, əmin-amanlığın, qardaşlığın bərqərar edilməsinə dəvət edən İslam dininin həmin müqəddəs ayında müsəlmanlar bu humanist prinsiplərin təntənəsi naminə hər cür sınaqlara, məhrumiyyətlərə sinə gərmək qabiliyyətlərini nümayiş etdirirlər”.
Ali Baş Komandan İlham Əliyev çıxışında vurğulamışdı: “İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar. Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır”.
Çərşənbə, bayram günlərinin möhtəşəm çalar, rəng almasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri vardır. Ulu Öndər çıxışında söyləmişdi: “Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir insanın, hər bir vətəndaşın bayramıdır, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir. Novruz bizim ümumdövlət, ümummilli bayramımızdır, ümumxalq bayramımızdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır və birlik yaratmağa xidmət edir”.
Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik. Bunlar hər bir vətəndaşın sərvətidir. Xalqımızın, millətimizin sərvətidir, ölkəmizin sərvətidir, dövlətimizin sərvətdir. Ona görə də bu, tarixin ən şərəfli dövrüdür.
Su çərşənbəsi, od çərşənbəsi geridə qaldı. İndi növbə yel çərşənbəsinin və torpağındı. Sinəsi sirlərlə, sehrlərlə dolu ana torpağın! Həm də hər birimizin könlündə taxt-tac qurmuş ilaxır çərşənbədi.
Yurdumuzun hər yerində çərşənbələr – xüsusilə ilaxır çərşənbə, Novruz bayramı böyük təntənəylə, atəşfəşanlıqla keçirilir. Xalqımızın minilliklərə söykənən adət-ənənəsi, zəngin mənəviyyatı, mifik təsəvvürləri bizlərə əmanətdi. Ana südü, dağ çiçəyi ilə süslənmiş, bulaq kimi saf, göy üzü kimi dumduru, bal kimi şipşirin, doğma ana dilimizdə səslənən bahar şərqiləri, yaz təranələri necə əsrarəngiz, necə gözəldi.
Bu Novruz şənliklərində xalqımızın ruhu, əxlaqı, mənəviyyatı, aşıb-daşan allı-güllü dünyası üzə çıxar, bulaq kimi çağlayar.
Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır.
Azərbaycanın qazandığı böyük uğurlar, dünya dövlətləri arasında özünə layiq yer tutması, iqtisadi tərəqqi, idman sahəsində qazandığımız nailiyyətlər, əhalinin rifah halının yaxşılaşması, gənclərə göstərilən böyük qayğı ölkə daxilində aparılan əzəmətli işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin titanik zəhmətinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev haqlı olaraq qeyd edibdir: “Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır”.
Qazanılan bu böyük uğurlarda ölkənin birinci xanımı, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da müstəsna xidmətləri vardır.
Bu yurd, bu torpaq babalarımızdan bizlərə əmanətdir. İgidlərimizin qanıyla suvarılıb bu torpaq. Görülən əzəmətli işləriylə ölkə əhalisinin könlündə taxt-tac qurmuş İlham Heydər oğlu Əliyev məhz dahi şəxsiyyətdir.
Bahar həm də yenilik, təzəlik, xeyir, bərəkət, çağlayış rəmzidir. Azərbaycan Milli Elmlər Akademiyasının hər bir alimi könlündəki bahar duyğusuyla sabahlara daha böyük inamla addımlayır.
İnsan sevgisiylə yeri-göyü süsləyir. İrəlidə bizi nə qədər görüləsi işlər gözləyir.
Bahar ilıq nəfəsi, tumurcuq əlləriylə qapımızı, pəncərələrimizi döyür. Qapıları, pəncərələri geniş açmaq istəyirsən.
Əllərin göyərçin olsun,
Uçmağa qoy gücün olsun.
Arzuların qoy çin olsun,
Qoy ilin bu əziz günlərində hər bir vətən övladının arzuları, ümidləri, istəkləri çin olsun.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.