AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Elm gününə həsr edilmiş “Açıq qapı” günü təşkil olunub.
Tədbirin məqsədi arxeologiya sahəsində aparılan elmi tədqiqatların ictimaiyyətə təqdim edilməsi, gənclərin bu sahəyə marağının artırılması və institutun elmi fəaliyyətinin daha geniş auditoriyaya tanıdılması olub.
Tədbir iştirakçılarını institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və elmi işçilər – Nərmin Məmmədli, Vüsalə Beydullazadə və Ülkər Allahverdiyeva qarşılayıblar. Onlar ziyarətçilərə institutun fəaliyyəti, aparılan elmi tədqiqatlar və arxeologiya sahəsində mövcud imkanlar barədə ilkin məlumat veriblər.
“Açıq qapı" günü çərçivəsində t.ü.f.d., dosent Bəhlul İbrahimli və t.ü.f.d. Şamil Nəcəfov tərəfindən arxeoloji tədqiqatların əsasları haqqında təqdimatlar keçirilib. Təqdimatlarda arxeoloji tədqiqat metodları, qazıntı prosesinin mərhələləri və əldə olunan materialların elmi əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib.
Tədbir proqramına uyğun olaraq institutun baş rəssamı Fərrux Ələsgərov arxeoloji materialların qrafik təsviri və elmi sənədləşdirilməsi haqqında məlumat verib. Daha sonra iştirakçılar Fiziki antropologiya laboratoriyası ilə tanış olaraq burada aparılan antropoloji tədqiqatlar və onların elmi əhəmiyyəti barədə məlumatlandırılıblar.
Ziyarətçilər institutun fondunda saxlanılan arxeoloji materiallardan ibarət sərgi ilə də tanış olublar. Burada iştirakçılara arxeoloji tapıntıların qorunması, tədqiqi, bərpası və qeydiyyatı prosesi haqqında ətraflı məlumat təqdim olunub.
“Açıq qapı" günlərindən Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan İlahiyyat Universitetinin bakalavr və magistr tələbələri, eləcə də arxeologiyaya maraq göstərən geniş ictimaiyyət nümayəndələri faydalanmışlar.
Tədbir gənclərin arxeologiya sahəsinə marağının artırılması, elmi mühitlə yaxından tanış olmaları və gələcək tədqiqat fəaliyyətinə istiqamətlənmələri baxımından mühüm əhəmiyyət kəsb edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.