AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
İclasda çıxış edən Əbülfəz Quliyev ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında sərəncamın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu təşəbbüs ölkədə müasir şəhərsalma siyasətinin inkişafı, memarlıq ənənələrinin qorunması və yeni yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. İnstitut direktoru sərəncamla əlaqədar elmi və mədəni tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə tədbirlər planının zəruriliyini diqqətə çatdırıb.
Əbülfəz Quliyev çıxışında Azərbaycan xalqının tarixən keçdiyi mürəkkəb və şərəfli yoldan bəhs edib. O, müxtəlif dövrlərdə xalqımıza qarşı törədilən faciələrdən, azərbaycanlıların öz doğma torpaqlarından didərgin salınmasından, eyni zamanda ölkənin müasir dövrdə qazandığı uğurlardan danışıb. Direktor, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının ölkənin siyasi və mənəvi həyatında mühüm mərhələ olduğunu qeyd edib. Bildirilib ki, bu qələbə nəticəsində azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır, kənd və şəhərlər yenidən qurulur, regionda mədəni və sosial həyat canlanır.
İclasda, həmçinin qarşıdan gələn konfranslar barədə məlumat verilib. Belə ki, görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyi, xalq şairi Səməd Vurğunun 120 illiyi və tanınmış ədəbiyyatşünas Əli Sultanlının 120 illiyi münasibətilə keçiriləcək elmi konfranslara hazırlıq işləri müzakirə olunub.
Daha sonra Əbülfəz Quliyev fəaliyyəti ilə bağlı məlumat verərək, Bakıya ezamiyyəti çərçivəsində AMEA-nın illik ümumi yığıncağında iştirak etdiyini bildirib. O, həmçinin Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etdiyini və burada türkoloji elmin inkişafı ilə bağlı mühüm müzakirələrin aparıldığını qeyd edib.
İclasın davamında institutun şöbə müdirləri rüblük elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti barədə məlumat veriblər. Bildirilib ki, elmi fəaliyyət planına uyğun olaraq müxtəlif istiqamətlər üzrə araşdırmalar davam etdirilir, elmi nəticələrin nəşri və tətbiqi istiqamətində işlər aparılır.
Eyni zamanda təcrübə rəhbərləri tələbələrlə aparılan nəzəri və tətbiqyönümlü fəaliyyətlər barədə məlumat verərək bu prosesin gənclərin elmi-tədqiqat bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.
İclasda institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxış edərək “Elmi əsərlər” jurnalının növbəti sayına məqalələrin hazırlanması və redaksiya prosesinin təşkili barədə məlumat verib.
Daha sonra elmi seminar keçirilib. Seminar Anarın 88 illiyi və onun yaradıcılığında milli-mənəvi dəyərlər mövzusuna həsr olunub. Seminarda AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Xalq yazıçısı Anarın publisistikasında milli-mənəvi dəyərlər” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Anar Azərbaycan ədəbiyyatında və mədəniyyətində çoxşaxəli fəaliyyəti ilə seçilən görkəmli sənətkarlardandır. Onun yaradıcılığı əsasında 12 bədii və 16 sənədli film çəkildiyi vurğulanıb. Bildirilib ki, yazıçı həm də rejissor, ssenarist, sənətşünas, tərcüməçi və publisist kimi zəngin fəaliyyət göstərib.
Məruzədə Anarın milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü işlərə də toxunulub. Qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən onun xidmətlərinə daim yüksək qiymət verilib və yazıçı müstəqil Azərbaycanın ən ali təltifləri ilə mükafatlandırılıb.
İclasın sonunda cari məsələlərə baxılıb, institutun gündəlik fəaliyyətinə dair müxtəlif təşkilati və elmi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.