Elmi dəlillər ABŞ, Avropa və Rusiya şərqşünaslıq mərkəzlərində təbliğ olunacaq
AMEA Rəyasət Heyətinin bugünkü iclasında AMEA Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut edən bir sıra elmi arqumentlərlə çıxış edib. “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” mövzusunda məruzədə XII yüzillikdə Azərbaycan poeziyasının dahi nümayəndəsi olan Nizami Gəncəvini öz doğma vətəni və etnosu ilə bağlayan faktlar şairin öz yaradıcılığı əsasında sistemli şəkildə təqdim edilib.
“Dünya ədəbiyyatı tarixində “Homer məsələsi”, “Şekspir məsələsi” olduğu kimi, “Nizami məsələsi” də mövcuddur, xüsusən də Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu məsələ daha da aktuallaşıb” – bildirən T.Kərimli hələ də informasiya kasadlığından əziyyət çəkən bəzi elmi dairələrdə məlumatsızlıqdan, ya da qəsdən Nizamini İran şairi kimi qələmə vermək cəhdlərinin olduğunu qeyd edib.
“Bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblər üzündən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf etmək olar. Məsələn, çin dili orta əsrlərdə uzun müddət Koreya, Yaponiya və Vyetnamda ədəbi dil kimi işlənmişdir. XI-XII yüzilliklərə qədər Qərbi Avropa xaqlarının yeganə ədəbi dili latın dili olmuşdur. Bu proses indi də davam etməkdədir. Yaxın və Orta Şərqə gəlincə, burada VII-X əsrlərdə ərəb dili yeganə ədəbi dil olduğundan, etnik cəhətdən iranlı olan İbn əl-Müqəffə, əs-Səalibi, ət-Təbəri, eləcə də IX-X əsrlərdə ərəb xilafətinə daxil olan İran ərazisindəki Tahiri, Səffari dövlətlərinin saray şairlərindən Xureymi, Mütəvəkkili və başqaları öz əsərlərini ərəb dilində qələmə almışlar. Bu cəhət həmin sənətkarları heç də İran ədəbiyyatından ayırmaq üçün əsas ola bilməz. Həmin dövrdə “əl-Azərbaycani” nisbəsi ilə tanınan Azərbaycan şairləri də ərəb dilində yazmışlar. Buradan belə nəticə çıxarmaq olar ki, yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məktəbinin başqa böyük nümayəndələrini “İran şairi” (fars şairi) adlandırmaq qətiyyən düzgün deyildir. Necə ki, yuxarıda adlarını çəkdiyimiz ərəbcə yazan farslar da ərəb ədəbiyyatına mənsub hesab olunmurlar” – bildirən T.Kərimli arqumentlərə müraciət edib.
- İstər şairin özü, istərsə də ondan sonra Nizami haqqında yazmış bütün orta əsr qaynaqları Gəncəvinin 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin (1136-1225) paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir.
- Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini türklərin təşkil etdiyi Cənubi Qafqazın mədəni, ictimai və siyasi proseslərində mühüm rol oynadığı tarixi qaynaqlarda təsdiq edilmişdir. Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Nizaminin dövründə İranın özü Səlcuq dövlətinin bir hissəsi idi, həm də Gəncə türk sülaləsi olan Azərbaycan Atabəylərinin paytaxtı idi.
- Nizaminin iki poemasında – “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərində İranda dara düşən Xosrov və Bəhramın qurtuluş üçün Azərbaycana qaçdıqları təsvir edilmişdir. Əgər Gəncənin də yerləşdiyi Azərbaycan İran ərazisi olsaydı, onda İrandan İrana qaçmağın nə mənası var idi?
- Nizaminin avtobioqrafik materiallarla zəngin olan “Leyli və Məcnun” poemasında şair öz anasının kürd qızı olduğunu bildirmiş, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü ilə “ikdiş”, yəni “metis” adlandırmışdır. Burada Nizami “sirkə” deyərkən öz kürd anasını, “bal” deyərkən isə türk atasını nəzərdə tutmuşdur.
- Fars poeziyasının ən böyük nümayəndələrindən biri olan Firdovsidən fərqli olaraq Nizaminin dilində çoxlu türk sözləri işlənmişdir. “Alaçuq”, “uşaq”, “ikdiş”, “çalış”, “xan”, “xatun”, “ozan”, sancaq”, “muncuq”, “qılavuz”, “gərdək”, “tutuq”, “yaylaq”, “toz”, “tapança” və s. Nizamidə fars təəssübkeşliyinin olmadığını göstərir.
- Nizami “Leyli və Məcnun” poemasında Leylini, “Xosrov və Şirin”də isə Şirini və onun ətrafındakıları dəfələrlə türk adlandırır. Poemanın bir yerində isə Məhin Banu Şirinə öyüd verərkən Xosrovu iranlıların əfsanəvi hökmdarı Keyxosrovla, özlərini isə türklərin əfsanəvi hökmdarı Əfrasiyabla (Alp Ər Tonqa) müqayisə edir ki, bu da istər Məhin Banunun, istərsə də Şirinin türk olmasına heç bir şübhə yeri qoymur.
- Poemanın sonunda Nizami öz oğlunu “türkzadə” adlandırır. Məlumdur ki, “zadə” sözü adətən ata adına artırılır. Nizami də öz oğluna “türkzadə” deyərkən onun türk qızından doğulmasını deyil, özünün türk olmasını nəzərdə tutmuşdur.
- Şairin son poemaları olan “Yeddi gözəl” və “İsgəndərnamə”də də türklüyə məhəbbət, türk obrazının yüksək sevgi ilə təqdimi – Fitnə, Nüşabə, Çin şahzadəsi (əslində türk şahzadəsi) obrazlarında da özünü açıq şəkildə göstərir. Hətta şair öz sevimli qəhrəmanı İsgəndəri “Rum taclı türk” adlandırır, onu öz bədii təxəyyülünün gücü ilə Azərbaycana gətirərək, Bərdə hökmdarı Nüşabənin qarşısında baş əyməyə məcbur edir.
- Öz əsərlərində sosial motivlərə, siyasi problemlərə geniş yer verən Nizami “Sirlər xəzinəsi” poemasında orta əsr türk dövlət quruluşunu zəmanəsinin hökmdarlarına örnək göstərmişdir.
Alim bütün bu faktların Nizami yaradıcılığında azərbaycançılıq ideologiyasının bir paradiqma şəklində güclü olduğunu, şairin öz doğma vətəninə və xalqına böyük məhəbbətini sübut etdiyini bildirib.
T.Kərimli həmçinin dövlət səviyyəsində aparılan işləri – onun 870 illik yubileyinin yüksək səviyyədə keçirilməsi, doğma şəhəri Gəncədə nüfuzlu Beynəlxalq Nizami Mərkəzinin təşkil edilməsi, Romada şairin möhtəşəm abidəsinin açılışı, Oksford Universitetində təşkil edilən Nizami adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və bir çox başqa tədbirləri dünya şərqşünaslığında Nizaminin bir İran şairi kimi tanınması stereotiplərini məhv etmək istiqamətində mühüm işlər kimi dəyərləndirib.
Tədbirdə çıxış edən akademiklər Vasim Məmmədəliyev və İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri Kamal Abdulla, Tofiq Hacıyev, filologiya elmləri doktoruGövhər Baxşəliyeva, sənətşünaslıq doktoru Ərtəkin Salamzadə, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə Azərbaycan alimlərinin N.Gəncəvi haqqında elmi əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq təbliğinin əhəmiyyətini qeyd etdilər, şairin yaradıcılığının müxtəlif aspektlərdən tədqiqinin, o cümlədən tədqiqatların yeni istiqamətlərinin müəyyən edilməsinin vacibliyini bildirdilər.
Elmi məruzədəki nəticələri mühüm elmi yeniliklər kimi dəyərləndirən AMEA Rəyasət Heyəti bu sahədə aparılan araşdırmaların prioritet tədqiqat istiqamətləri kimi inkişaf etdirilməsini vacib hesab edib. Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazların daha əhatəli şəkildə araşdırılması üçün tədqiqatların davam etdirilməsi tövsiyə olunub. Elmi dəlillərin ABŞ, Avropa və Rusiya şərqşünaslıq mərkəzlərində təbliği məqsədilə elmi ezamiyyələrin təşkilinə dair qərar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.