Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.04.2026 17:23
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Elm millətin varlığının təminatçısıdır” adlı tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda “Elm millətin varlığının təminatçısıdır” adlı tədbir keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – “Elm günü”nə həsr olunmuş “Elm millətin varlığının təminatçısıdır” adlı ümumi yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gövhər xanım Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Akademik G.Baxşəliyeva Prezident İlham Əliyevin 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında çıxışını xatırladaraq, dövlət başçısının Ana dilimizin saflığının qorunması, elmin inkişafı və müasir tələblərə uyğunlaşması ilə bağlı səsləndirdiyi fikirlərin elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoyduğunu deyib.

AMEA-nın nailiyyətlərindən bəhs edən akademik G.Baxşəliyeva 68 illik mövcudluğu ərzində elmimizə böyük töhfələr verən Şərqşünaslıq İnstitutunda akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İmanquliyevanın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəblərinin yarandığını, bu gün institutda çalışanların əksəriyyətinin bu böyük alimlərin bilavasitə şagirdləri və davamçıları olduğunu bildirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Nizami Gəncəvinin “Bağlı bir qapıya açar axtarsan, Ancaq alimlərdə axtar taparsan” beytini xatırladaraq, bununla dahi şairin elm və alimin dəyərini ən yüksək şəkildə ifadə etdiyini bildirib. Azərbaycan elminin orta əsrlərdən etibarən uzun inkişaf yolu keçdiyini söyləyən  R.Cümşüdlü müasir dövrdə Azərbaycan elminin və intelektual potensialının dövlətin siyasi müstəqilliyinin və milli kimliyinin dayağı olduğunu deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində dövlətin elmi idarəetmə mexanizminin əsas istiqamətlərini açıqlayaraq Azərbaycan elmi qarşısında yüksək vəzifələr qoyulduğunu bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Mənsimov elmdə gənclərin rolundan, onların qarşısında duran öhdəliklərdən bəhs edib. Azərbaycanda gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə çatdırıldığını deyən N.Mənsimov son dövrlər Dövlət proqramlarının icrası nəticəsində gənclərin ictimai-siyasi həyatda rolunun artdığını, lakin ən vacib istiqamətin gənclərin elmi potensialının realizə olunması olduğunu deyib.

İnstitutun Təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Lalə Bayramova Şərqşünaslıq İnstitutunun elmə verdiyi töhfədən bəhs edib. Çıxışda institutun Azərbaycan elminin inkişafında oynadığı mühüm rol geniş şəkildə təqdim olunub. Nitqdə Şərq xalqlarının tarixi, dili, ədəbiyyatı və mədəni irsinin öyrənilməsi istiqamətində aparılan fundamental tədqiqatlar, əldə olunan elmi nəticələr və beynəlxalq əməkdaşlıq əlaqələri vurğulanıb. Eyni zamanda, institut rəhbərliyinin gənc tədqiqatçıların yetişdirilməsindəki rolundan danışılıb.

İnstitutun Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı bu gün Azərbaycan alimlərinin müxtəlif istiqamətlərdə mühüm uğurlar əldə etdiklərini, fundamental tədiqatlardan tətbiqi layihələrə qədər geniş spektrdə aparılan işlərin ölkəmizin beynəlxalq elmi məkanda nüfuzunun artmasına səbəb olduğunu deyib. Qarşıda duran vəzifələrə də nəzər salan İ.Qasımlı əsas vəzifələrin elmi potensialı daha da gücləndirmək, innovasiyalara açıq olmaq, həmmüəllifli layihələrdə iştirak etmək və elmi nəticələri real həyata tətbiq etmək olduğunu bildirib.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev çıxış edərək elmi potensialın qorunub saxlanılmasının və gənc elmi kadrların hazırlanmasının dövlətimizin diqqət mərkəzində olduğunu, bu məqsədlə ölkəmizdə doktorantura təhsilinin keyfiyyətinin artırılması, gənc kadrların xaricdə təhsil alması istiqamətində böyük işlər aparıldığını deyib. Əslində, xeyli mürəkkəb olan bu prosesin təməlinin tələbəlik, bəlkə də məktəb illərində qoyulduğunu və insanın fəal yaradıcılıq ömrünün sonuna kimi davam etdiyini deyən E.Mustafayev alimin hər gün öyrənməli, yeni biliklərə yiyələnməli, tədqiqatlarında istifadə etdiyi metodları daim təkmilləşdirməli olduğunu bildirib. O qeyd edib ki, həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşıya yeni tələblər və çağırışlar qoyur və qarşıda duran bütün vəzifələrin uğurlu həllinə məsuliyyət hissin dərindən dərk etməklə bərabər, möhkəm nizam-intizam, o cümlədən yüksək peşəkarlıq sayəsində nail olmaq mümkündür. Alim yüksək səviyyəli elmi kadrların hazırlanması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmağın vacibliyini deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: