AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya və Ekoloji biofizika şöbələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəki rayonu Öyrət kənd ümumi orta məktəbində “Tarixi şəhərlərimizin davamlı inkişafı və memarlıq irsinin qorunması problemləri” mövzusunda seminar təşkil edilib.
Tədbirin əvvəlində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış sərgiyə baxış keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini bildirib. O, tarixi şəhərlərin davamlı inkişafının təmin olunmasının, onların memarlıq irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının müasir dövrün mühüm məsələlərindən biri olduğunu qeyd edib, məhz bu səbəbdən də urbanizasiya proseslərinin sürətlənməsi fonunda milli-mədəni irsin qorunmasının xüsusi diqqət tələb etdiyini və bu istiqamətdə elmi yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.
Sonra Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova “Tarixi şəhərlərdə memarlıq irsi və turizm potensialının inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, tarixi-memarlıq abidələrinin qorunması ilə yanaşı, onların turizm baxımından səmərəli istifadəsi regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Düzgün idarə olunan turizm fəaliyyəti həm mədəni irsin təbliğinə, həm də yerli icmaların rifahının yüksəlməsinə xidmət edir.
“Ekoloji memarlıq” mövzusunda məruzəsini təqdim edən Öyrət kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Sahibə Məhərrəmova qeyd edib ki, ekoloji memarlıq müasir şəhərsalmanın vacib istiqamətlərindən biri olmaqla, təbii resurslardan səmərəli istifadəni, enerji qənaətini və ətraf mühitə minimal təsiri nəzərdə tutur. Bu yanaşma həm yaşayış mühitinin keyfiyyətini artırır, həm də davamlı inkişaf prinsiplərinin həyata keçirilməsinə xidmət edir.
Seminarda “Şəhərsalma mühitində ekoloji problemlər və onların idarə olunması mexanizmləri” adlı məruzə ilə çıxış edən Ekoloji coğrafiya şöbəsinin kiçik elmi işçisi Elvin Rüstəmov şəhər mühitində yaranan əsas ekoloji problemlər, o cümlədən hava çirklənməsi, tullantıların idarə olunması və yaşıllıq sahələrinin azalması kimi məsələlərə toxunub. O, bu problemlərin aradan qaldırılması üçün müasir idarəetmə mexanizmlərinin tətbiqinin, ekoloji monitorinq sistemlərinin gücləndirilməsinin və ictimai maarifləndirmənin artırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, o, ağıllı şəhər konsepsiyasının tətbiqinin bu problemlərin həllində mühüm rol oynadığını qeyd edərək, rəqəmsal texnologiyalar vasitəsilə şəhər infrastrukturunun daha səmərəli idarə olunmasının mümkünlüyünü diqqətə çatdırıb.
Ekoloji biofizika şöbəsinin kiçik elmi işçisi Vəfa Məmmədli isə “Müasir şəhərsalınmada ekoloji biofizikanın rolu” mövzusunda təqdimatla çıxış edərək qeyd edib ki, ekoloji biofizika şəhər mühitində fiziki və bioloji proseslərin qarşılıqlı təsirini öyrənməklə daha sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Məruzəçi vurğulayıb ki, urbanizasiya və ekoloji biofizika, şəhər ekosistemlərinin balansı və biofiziki modellər, hava çirklənməsi və turşu yağışları, eləcə də insan sağlamlığı və sosial ətraf mühit kimi mövzular xüsusi əhəmiyyət kəsb edir. Vəfa Məmmədli, həmçinin bu sahədə mövcud olan çətinliklər və potensial risklər barədə məlumat verib.
Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev “Təbii fəlakətlər kontekstində sel hadisələrinin şəhərsalma strukturlarına təsiri” adlı məruzəsində bildirib ki, sel hadisələri şəhər infrastrukturuna ciddi ziyan vurmaqla yanaşı, əhalinin təhlükəsizliyi üçün də böyük risklər yaradır. Düzgün planlaşdırılmamış şəhərsalma, xüsusilə su axınlarının təbii istiqamətlərinin dəyişdirilməsi və yaşıllıq sahələrinin azalması sel riskini daha da artırır.
Elvin Qarayev şəhərsalma prosesində təbii-coğrafi şəraitin nəzərə alınmasının, müasir drenaj sistemlərinin qurulmasının və risklərin əvvəlcədən qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb.
Seminarın sonunda Öyrət kənd ümumi orta məktəbinə Şəki REM-lə birgə əməkdaşlığa görə Təşəkkürnamə və Şəki REM-in nəşri olan kitablar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.