Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2026 15:45
  • A-
  • A
  • A+

“Filologiya və sənətşünaslıq” jurnalının Redaksiya Heyətinin iclası keçirilib

“Filologiya və sənətşünaslıq” jurnalının Redaksiya Heyətinin iclası keçirilib

Aprelin 10-da “Filologiya və sənətşünaslıq” jurnalının Redaksiya Heyətinin iclası baş tutub.

İclasda jurnalın nəşrinin müasir elmi-texniki tələblərə uyğunlaşdırılması istiqamətində mühüm məsələlər geniş müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan baş redaktor, filologiya elmləri doktoru Sərxan Xavəri çıxışında qeyd edib ki, Akademiyada həyata keçirilən islahatlar çərçivəsində elmi nəşrlərin fəaliyyətinin yenidən təşkili xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, bu proses jurnallarda həm məzmun, həm də texniki standartlar baxımından yeni yanaşmaların tətbiqini zəruri edir. Vurğulanıb ki, müasir standartların tətbiqi təkcə formal dəyişiklik deyil, həm də elmi fəaliyyətin daha sistemli və keyfiyyətli əsaslar üzərində qurulmasına xidmət edir.

İclas zamanı baş redaktorun müavinləri – filologiya elmləri doktoru Eşqanə Babayeva və memarlıq üzrə fəlsəfə doktoru Samirə Abdullayeva, məsul redaktor, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə, məsul katib Samirə Quliyeva, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Qətibə Quliyeva, AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya elmləri doktoru Səbuhi Qəhrəmanov çıxış edərək jurnalın inkişafı, məqalələrin elmi səviyyəsinin yüksəldilməsi, beynəlxalq indeksləmə tələblərinə uyğunlaşdırılması və nəşr prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Xüsusilə, rəy prosesinin (peer review) təkmilləşdirilməsi, elektron platformaların imkanlarından daha geniş istifadə edilməsi və müəlliflər üçün yeni tələblərin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.

Müzakirələrin yekununda jurnalın fəaliyyətinin müasir prinsiplər əsasında qurulması, elmi keyfiyyətin artırılması və beynəlxalq elmi məkanla inteqrasiyanın gücləndirilməsi istiqamətində konkret addımların atılmasının vacibliyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: