Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2026 10:45
  • A-
  • A
  • A+

Akademik Faiq Bağırzadənin 100 illiyinə həsr edilmiş tədbir

Akademik Faiq Bağırzadənin 100 illiyinə həsr edilmiş tədbir

ETN-in Geologiya İnstitutunda akademik Faiq Bağırzadənin 100 illik yubileyinə həsr edilmiş  tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, UFAZ-ın direktoru Vazeh Əsgərov, BDU-nun prorektoru Hüseyn Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Toplantını giriş sözü ilə açan Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə qonaqları və tədbir iştirakçılarını salamlayıb, akademik Faiq Bağırzadəni alim, nəcib insan, qayğıkeş pedaqoq, istedadlı təşkilatçı kimi xarakterizə edib. A.Əlizadə bildirib ki, F.Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə «Qobustanneftkəşfiyyat» trestində başlayıb və elə həmin il Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olub. O cümlədən 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) rektor təyin edilib. F.Bağrzadənin iştirakı ilə bu universitetin tədris-material bazası xeyli genişlənib, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılıb, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunub. O, neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geokimyası sahələrində görkəmli alim idi. Xəzər akvatoriyasının bir sıra sahələrinin neft-qaz yataqlarının («Günəşli» strukturu) perspektivliyini öyrənmişdi. Elmi kadrların hazırlanması işində böyük xidmətləri olmuş F.Bağırzadə 100-dən çox elmi əsər, o cümlədən 12 monoqrafiya, geologiyanın və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərslik və tədris vəsaiti nəşr etdirib.

Sonra yubiley tədbirinin qonaqlarından akademik Vasif  Babazadə, AMEA-nın müxbir üzvü Misir Mərdanov, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Kərimov, geologiya-mineralogiya elmləri doktoru, professor Tofiq Əhmədov akademik Faiq Bağırzadə haqqında xoş xatirə və təəssüratlarını bölüşüblər. Diqqətə çatdırılıb ki, F.Bağırzadə ADU-ya (indiki BDU) 17 il 6 ay müddətində rəhbərlik edib. Demokratik təbiəti, müəllim və tələbə heyətinə həlim münasibəti ilə diqqət çəkib. Onun rektor fəaliyyəti dövründə universitetdə “doktor” elmi dərəcəsi alanların sayı 60-dan 145-ə qalxıb.

Çıxışçılar F.Bağırzadə ilə bağlı bir çox maraqlı hadisə və faktları səsləndiriblər, onun xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil etdiyindən danışıblar. Həmçinin Azərbaycan dövləti tərəfindən onun bir sıra təltiflərini xatırladıblar.

Tədbirin sonunda görkəmli alim və ziyalı Faiq Bağırzadənin oğlu fizika-riyaziyyat elmləri doktoru Elxan Bağırzadə atası ilə bağlı bir sıra maraqlı xatirələrini dilə gətirib. Eləcə də Geologiya İnstitutunun kollektivinə mərhumun xatirəsini yad etdiyi üçün minnətdarlıq ifadə edib.

Sonda yubilyarın ictimai fəaliyyətini, elmi çalışmalarını və ezamiyyətlərini əks etdirən foto-şəkillərdən ibarət süjet nümayiş olunub. Tədbir iştirakçıları, həmçinin alimin elmi fəaliyyətini əks etdirən çap məhsullarından ibarət stentlə də tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: