Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.04.2026 09:58
  • A-
  • A
  • A+

Arxeoloq Mansur Mansurovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Arxeoloq Mansur Mansurovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa rayon İcra Hakimiyyəti, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə gerçəkləşib. Konfransın keçirilməsində əsas məqsəd - bölgəmizin tarixi, mədəni irsini yaşatmaq, elmi və arxeoloji araşdırmalar işini gücləndirmək və görkəmli alim, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun elmi yaradıcılığının geniş ictimaiyyətə təqdimi olmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsi, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, Ağstafa rayon İcra Hakimiyyətinin məsul şəxsləri, “Gəncə” Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, Bakı Dövlət Universiteti və ADA Universitetinin Qazax mərkəzinin magistrantları, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruqlarının rəhbərliyi, ölkəmizin qərb bölgəsində o cümlədən qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış tədqiqatçılar, bölgəmizdə fəaliyyət göstərən abidə mühafizəçiləri iştirak ediblər.

Beynəlxalq elmi konfrans qonaqların qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanışlığı ilə başlayıb.

Sonra konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, bundan sonra Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və Qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov tarixi abidələrin qorunması, öyrənilməsinin vacibliyindən danışmışdır. Konfransa onlayn qoşulan AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev paleolit dövrü tədqiqatlarının aktual istiqamətlərindən, institutun baş elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Mansur Mansurovun Azərbaycan arxeologiyasında daş dövrü üzrə apardığı tədqiqatlardan və elmi irsindən bəhs etmişlər.

Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurov çıxış edərək konfransın təşkilatçı və iştirakçılarına öz təşəkkürünü bildirmişdir. Konfrans çərçivəsində Mansur Mansurovun həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Daha sonra konfransda geniş təmsil olunmuş AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları: şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, institutun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənov, aparıcı elmi işçi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova, aparıcı elmi işçi, t.ü.f.d. Yaqub Məmmədov, aparıcı elmi  işçi, t.ü.f.d., dosent Azad Zeynalov, şöbə müdiri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, aparıcı elmi işçi, t.ü.f.d., dosent Şamil Nəcəfov, aparıcı elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, aparıcı elmi işçi, t.ü.f.d. Ülviyyə Hacıyeva, böyük elmi işçi, arxeoloq Lola Hüseynova, institutun elmi işçiləri, antropoloq Ülkər Allahverdiyeva, arxeoloqlar Günel Əliyeva, Vüsalə Beydullazadə, Zümrüd İmanova, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, t.ü.f.d., dosent İsmayıl Umudlu, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, t.ü.f.d. Cavid Bağırzadə, Gəncə Dövlət Universitetinin dosenti, filiologiya üzrə fəlsəfə doktoru Səba Namazova, Gəncə Dövlət Universitetinin dosenti, t.ü.f.d. Elnur İmanov, müstəqil tədqiqatçı Faiq Nəsibov konfransın proqramına uyğun plenar iclasda öz məruzələri ilə çıxış etmişlər.

Beynəlxalq elmi konfransın ikinci hissəsi sessiyalar şəklində davam etmişdir. Sessiyalarda Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor Martin Grüber, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, Bakı Dövlət Universitetinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçiləri, onlayn sessiyalarda isə yerli tədqiqatçılarla yanaşı, Qazaxıstan Respublikasının Xan Ordalı Sarayşık Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Ejeli Taraz” Tarix-mədəniyyət Muzey Qoruğunun əməkdaşları, Ukrayna və Rusiya Federasiyasından olan alimlər çıxış etmişlər. Beynəlxalq elmi konfransa 70-dən çox məqalə və tezis qəbul olunmuş, bütün iştirakçılara sertifikatlar verilmişdir.

Konfrans iştirakçıları Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindəki Son Tunc-Erkən Dəmir dövrünə aid Ağalıqtəpə yaşayış yerində Azərbaycan – Almaniya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatlarla da tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: